ADA Universiteti, ADA Universitetinin Qazax Mərkəzi (Qazax Müəllimlər Seminariyası) və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Qazaxda region məktəbliləri üçün “Yaşıl dünya naminə həmrəylik ili” yay düşərgəsi keçirilir.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, beş gün davam edəcək düşərgədə Qazax, Tovuz, Ağstafa və Şəmkir rayonlarından olan 8-9-cu siniflərdə təhsil alan şəhid və qazi övladları iştirak edirlər.
 
İyulun 8-də ADA Universitetinin Qazax Mərkəzində ADA Universiteti, Qazax Rayon İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyinin nümayəndələrinin iştirakı ilə düşərgənin açılış tədbiri olub.
 
ADA Universitetinin strategiya və inkişaf üzrə prorektoru Vəfa Kazdal açılış tədbirində çıxış edərək bildirib ki, Seminariyanın fəaliyyəti, təlim-tədris imkanları, təqdim etdiyi proqramların sayı artır. Burada magistr dərəcələri və müəllimlər üçün sertifikat proqramları ilə yanaşı, məktəblilər üçün də yay düşərgələri kimi, imkanlar da təqdim olunur.
 
“Regional İnkişaf” İctimai Birliyinin əməkdaşı Səkinə Abasova çıxışında düşərgənin keçirilməsinin əhəmiyyətindən, məqsəd və hədəflərindən söz açaraq, bu layihənin həm də şəhid və qazi övladlarına həssas yanaşmanın növbəti nümunəsi olduğunu diqqətə çatdırıb.
 
Açılış tədbiri digər çıxışlarla davam edib.
 
Düşərgənin əsas məqsədi məktəblilərin yay tətilinin səmərəli təşkili, onlara əlavə bilik və bacarıqlar qazandırılması, eyni zamanda, yeniyetmələr arasında ətraf mühitə, təbiətə qarşı həssas yanaşmanın təşviq edilməsidir. Düşərgə vasitəsilə bir qrup şagirdə iqlim dəyişikliyi, ekologiya və digər mövzularda yeni biliklər vermək, onlara praktik olaraq təbiətin mühafizəsi, tullantılardan səmərəli istifadə yollarını öyrətmək hədəflənib. Həmçinin düşərgə çərçivəsində məktəblilər üçün düzgün peşə seçimi, psixoloji dəstək və fərdi inkişaf, şəbəkələşmə mövzularında təlimlər, fərqli intellektual oyunlar keçiriləcək, əyləncəli proqram və regionun zəngin mədəni irsini, təbii gözəlliklərini daha yaxından tanımaq imkanı yaradan ekskursiyalar təşkil olunacaq. Bu təlimlər məktəblilərə öz potensiallarını kəşf etməyə və şəxsi inkişaflarını planlaşdırmağa kömək edəcək.
 
Düşərgə iyulun 12-də yekun tədbirlər və mükafatlandırma ilə başa çatacaq.