Gənclər və İdman, Təhsil nazirlikləri, Milli Olimpiya Komitəsi və Azərbaycan Məktəb İdmanları Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən “Məktəblər arasında respublika çempionatı” çərçivəsində “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsində şahmat üzrə rayondaxili mərhələ yarışı keçirilib.

 

AZƏRTAC xəbər verir ki, yarışda rayonun 32 orta ümumtəhsil müəssisəsi iştirak edib.

 

283 nömrəli tam orta məktəbin komandası yarışın qalibi olub. 244 nömrəli tam orta məktəb ikinci, 83 nömrəli məktəb-lisey isə üçüncü olublar.

 

“Məktəblər arasında respublika çempionatı”nın keçirilməsində məqsəd şagirdlər arasında bədən tərbiyəsi və idmanı təbliğ etmək, sinifdənxaric və məktəbdənkənar fəaliyyət sahəsində ümumtəhsil məktəblərinin fəaliyyətlərini qiymətləndirmək, məktəblilərdən ibarət yığma komandanın heyətini müəyyənləşdirmək, idman növü üzrə qalib məktəblərin idmançılarının aidiyyəti beynəlxalq yarışlarda iştirakını təşkil etməkdir.