Axırıncı dəfə belə bir yazını Nəsir müəllim vəfat edəndə yazmışdım. Həyatın dəyişə bilmədiyimiz bir qanunu var. Heç istəməsəm də, həmin o qanun bir neçə ildən bir bu mövzuda yazı yazmağa vadar edir. Bunun son olacağına ümid edərək… 
 
O vaxt hələ universitetin 1-ci kursunda təhsil alırdım. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dəhlizində günün müəyyən saatlarında zəhmli bir ayaq səsi olardı. Tələbələr həmin müəllimin dəhlizin o başından gəldiyini görəndə hərəkətlərini hər zamankından daha çox nizama salardılar. O, hər kəsi ram etməyi bilərdi. Amma biz onu hələ tanımırdıq. 
 
Universitetdə ilk mühazirəni Akif Rüstəmov demişdi. 90 nəfərlik qrupumuz var idi, ilk dəfə idi, fakültə birinci kursa bu qədər tələbə qəbul edirdi. O qədər səs-küylü idik ki, Akif müəllim mühazirəni mikrofonla deməli olmuşdu. Səsimiz ətrafa çox yayılırdı. Həm dekanımız Vüqar Zifəroğlu, həm də kafedra müdirimiz Cahangir Məmmədli arada qapıdan bizə nəzarət edib, gedirdilər. Fakültədə bütün müəllimlər bizim qrupun nə qədər hərəkətli olduğundan danışırdı. Təsəvvür edin, 90 nəfər jurnalist olmaq istəyən gənci bir otaqda toplamısınız. Onsuz da bundan başqa variant mümkün olmazdı. Təbii ki, qısa zamanda hamımız həddindən çox danışmamalı olduğumuzu öyrəndik. 
 
Xülasə, sözün bütün mənalarında bu səs-küylü dərsdən bir semestr keçdi. Bu dəfə ilk seminar dərsi onun idi. İlk dəfə idi belə müəllim görürdük. Jurnalistika fakültəsində ən azı bir dəfə olan hər kəs bilir ki, fakültəmizdə bütün müəllimlər tələbələrə dost kimi yanaşıb, mülayim rəftar ediblər. O, bu cəhətdən də seçilirdi, tələbələrə özünəməxsus yanaşması ilə dostdan daha çox ata obrazını canlandırırdı. Həm də zəhmli və tələbkar ata. 
 
Dərs başlamışdı. İçəridəki ciddiyyət ab-havası tələbələri gərirdi. Hamımız bir-birimizə baxır, ondan çəkinirdik. Hələ sual vermədən hiss etmişdik ki, cavablamaqda çətinlik yaşayacağıq. Ən yaxınında mən oturmuşdum, uşaqlar həmişə məni irəli verməyi xoşlayırdılar. Düşünürdülər ki, daha hazırcavabam. Amma bu dərs sayəsində tam şəkildə elə olmadığımı hamımız gördük.
 
Adəti üzrə dərsdə iştirakla bağlı qeydiyyat apardıqdan sonra yanında əyləşdiyim üçün mövzunu danışmağa ilk mənim başlamağımı istədi. 
 
- Buyurun Günel xanım. (Hamıya bəy və xanım deyə müraciət edərdi)
- Mən, müəllim? 
- Burada sizdən başqa Günel var?
 
Çox utanmışdım, əslində, hazır idim, amma danışmaq istəmirdim. Odur ki, o sehrli cümlədən istifadə etdim. 
 
- Olar, tənəffüsdən sonra ikinci hissədə danışım?
- Bura dərsdir, biz sifarişlə işləmirik, indi danışacaqsınız. Öyrənən insan üçün nə zaman danışdığının fərqi yoxdur.
 
Əslində haqlı idi, ona görə də danışmağa başladım. Məndən sonrakılar da mövzunu təkrarlamağa başladılar. Bir semestr ərzində bizim qrupun tam tərkibdə dərs danışdığı olmayıb. 90 dəqiqədə 15 nəfərin hamısından mövzunu soruşdu.
 
Belə davranmağına baxmayın, ürəyi çox kövrək, özü də humanist idi. İlk dərs günündən bizə qayda qoymuşdu ki, başqasının əvəzinə suala cavab verən “iki” qiyməti alacaq. Bu onun adəti idi. Semestrin sonlarında yenə bir semimar dərsindəyik. O, yenə jurnalı yazır, bu əsnada da başını çox da qaldırmadan tələbələrə sual verir. 
- Kənan bəy, “Əkinçi” qəzeti nə vaxt yaranıb?
- 22 iyul 1875.
- Nazim bəy, “Azərbaycan” qəzeti nə vaxt fəaliyyətə başlayıb?
Nazimin bir-iki saniyə düşünməsi ilə sualı mən cavablayıram. Elə bu anda məni ayağa qaldırıb deyir:
 
- Sizin adınız Nazimdir?
- Xeyr.
- Onda niyə cavab verirsiniz? Onun cavabına və qiymət almasına mane oldunuz.  Əyləşin, “iki” aldınız.
Semestr ərzində aldığım yüksək qiymətlər bu “iki”nin fonunda film lenti kimi gözümün önündən keçir. O bəlkə də “iki” aldığım tək müəllim idi, ya da aldığımı düşündüyüm. Dərs zənginin çalması ilə yerimdən qalxıb jurnala baxmaq üçün sinif nümayəndəsinə xeyli dil tökürəm, deyirəm ki, gecəni yata bilmərəm. Təkcə həmin səhifəni açıb öz qiymətimi göstərir. Adımın qarşısında sadəcə “iştirak edir” yazıldığını görürəm. Mənim qiymətimi gələcək dərsə saxlayıb.
 
Universiteti bitirəndən sonra bir neçə dəfə ondan müsahibə götürmək istəmişəm, ancaq həmişə bir az da məlumat toplayıb sonra söhbətləşməyin lazım olduğunu düşünmüşəm. Ertələmişəm. Onunla müsahibə etmək qismət olmadı, amma bu gün onun haqqında təəssüratlarımı dərin kədər hissi ilə bölüşürəm. Bu anda belə üzərimdə məsuliyyət hiss edirəm. Elə bilirəm, eynilə kollokviumlarda olduğu kimi arada başımın üstündə dayanaraq yazıma baxır. Sonra əllərini ön tərəfdə bir-birinin üzərinə keçirərək sıralardan bir-bir uzaqlaşır. Bu dəfə əbədi olaraq…
 
İki gün əvvəl onun vəfat xəbərini eşidəndən dəfninə gedənə qədər şok halında olmuşam, ölümünə inanmırdım. Ta ki, cansız bədəninin başında Cahangir müəllimi görənə qədər. Onun artıq aramızda olmadığını həmişə vüqarlı, əzəmətli görməyə alışdığım müəllimimi boynu bükük görəndə dərk elədim. Bunu anlamağımla dünən gecədən yığılıb qalmış göz yaşlarım hönkürtü ilə gözlərimdən süzüldü. Öz-özümə düşündüm, bu, Cahangir müəllimin boynunu bükən ölümdür. 
 
Fakültə yoldaşlarımızdan biri vəfatından sonra onu öz yazısında “əlçatmaz müəllim” kimi xarakterizə etmişdi. Həqiqətən də o bizim üçün çox uca idi. Ömrünün yarısı arxivlərdə, yarısı da Bakı Dövlət Universitetində, Jurnalistika fakültəsində keçib. Bir yandan öyrənib, bir yandan öyrədib. Çoxumuz ona qibtə ilə baxır, mətbuat tarixi dedikdə Şirməmməd Hüseynovdan sonra onu xatırlayırdıq. Mirşahin Ağayevin də dediyi kimi, Şirməmməd Hüseynov yenidən vəfat edib sanki. Bəli, indi hər ikisi yoxdur. Bəlkə də “yox” ifadəsi ilk dəfə bu qədər əskiklik və acı hiss etdirir…
 
Bizim əlçatmaz müəllimimiz Nəsiman Yaqublu heç yerə gecikməzdi, hər zaman hər yerə tələsərdi, sonuncu ünvana tələsdiyi kimi…
 
Günel ABBAS