27 avqust tarixindən etibarən 2024/2025-ci tədris ili üzrə peşə təhsil müəssisələrinə boş qalan plan yerləri üçün  tələbə qəbulunun II mərhələsinə start verilir.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, II mərhələdə müraciətçilər www.portal.edu.az platforması üzərindən elektron formada müraciət edə bilərlər. Boş qalan yerlərə sənəd qəbulu 3 sentyabr saat 18:00-dək davam edəcək. Peşə təhsil müəssisələrinə ümumi və ya tam orta təhsil bazasını bitirən şəxslər müraciət edə bilərlər.
 
Həmçinin peşə təhsil pilləsi üzrə elektron tələbə qəbulunun I mərhələsində uğurlu nəticə göstərməyən şəxslər də II mərhələyə qatıla və ixtisas seçimi həyata keçirə bilərlər. Boş qalan yerlər üzrə müraciət imkanı I mərhələdə iştirak etməyənlər üçün də açıqdır.
 
Peşə təhsil müəssisələrinə qəbul ərizəçinin attestatında göstərilən müvafiq fənlər üzrə qiymətlərinin orta balı əsasında aparılır.
 
Tələbə qəbulu prosesində hər şəxsə maksimum 5 ixtisas üzrə seçim etmək imkanı yaradılır. Müsabiqədən uğurla keçən şəxslər növbəti mərhələdə qəbul olduqları müəssisəyə sənədlərini təqdim etmək üçün müraciət etməlidirlər.
 
Məlumat üçün bildiririk ki, peşə təhsil müəssisələrinə tələbə qəbulunun I mərhələsi 29 iyul – 12 avqust tarixlərində 84 peşə təhsili müəssisəsində 136 ixtisas olmaqla 30 960 plan yeri üzrə aparılıb. Peşə təhsil müəssisələrinə qəbul olan namizədlərdən 16298 nəfəri sənədlərini qəbul olunduğu təhsil müəssisəsinə təqdim ediblər.