Artıq yeni tədris ilinin başlanmasına sayılı günlər qalıb. Sentyabr ayında təhsil işçiləri üçün ənənəvi olaraq keçirilən konfranslar da öz işinə başlayıb. 
 
Növbəti konfrans sentyabrın 6-da Qarabağ Regional Təhsil İdarəsinin təhsil işçiləri üçün keçirilib.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, Bərdə şəhərində təşkil olunan konfransda Elm və Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Fərzəli Qədirov, Azərbaycan Respublikasının Təhsil İnstitutunun direktor müavini Fuad Qarayev, Bərdə Şəhər İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, Qarabağ Regional Təhsil İdarəsinin müdir səlahiyyətlərini icra edən Anar Məcidov, aidiyyəti idarə, müəssisə rəhbərləri və təhsil işçiləri iştirak ediblər. 
 
Öncə Ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə çiçək dəstələri düzülüb. 
 
Bərdə şəhər Mədəniyyət Mərkəzinin foyesində məktəbli uşaqların əl işlərindən ibarət sərgiyə, STEAM və Peşə təmayüllü siniflərin təqdimatına, şagirdlərin  idman nailiyyətlərinə baxış keçirilib. 
 
Sonra ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. 
 
Konfransda Elm və Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Fərzəli Qədirov çıxış edərək, ümumi və məktəbəqədər təhsil üzrə prioritet istiqamətlər barədə ətraflı məlumat verib, təhsilin idarəedilməsində əlçatanlıq və şəffaflığın təmin olunması üçün qarşıda duran prioritet vəzifələr barədə qeydlərini konfrans iştirakçılarının diqqətinə çatdırıb. O, ölkəmizdə təhsilin inkişafı istiqamətində atılan addımlar, həyata keçirilən layihələrdən də söz açıb. 
 
F. Qədirov çıxışında həmçinin, STEAM təhsilinin nəaliyyətləri, sertifikatlaşdırma imtahanları, təhsil müəssisələrinə işə qəbul prosesi, tikinti və təmir işləri barədə geniş məlumat verib. 
 
Nazirlik rəsmisi çıxışı zamanı, işğaldan azad olunmuş ərazilərdə yeni  təhsil müəssisələrinin yaradılması, Qarabağ Universiteti, noyabr ayında keçiriləcək COP29 konfransı və digər məsələlərə də toxunub, konfrans iştirakçılarına uğurlar arzulayıb.
Sonra Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev qeyd edib ki, bugün ölkəmizdə bütün sahələrdə hərtərəfli inkişaf nəzərə çarpır. Hər bir inkişafın təməlində insan kapitalı, onun əsasında isə təhsil dayanır. Respublikamızda təhsilin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Bərdə şəhərində də təhsil mühitinin yaxşılaşdırılması üçün müvafiq tədbirlər həyata keçirilir. V. İsayev qarşıdan gələn yeni tədris ili münasibətilə konfrans iştirakçılarına uğurlar arzulayıb.
Azərbaycan Respublikasının Təhsil İnstitutunun direktor müavini Fuad Qarayev konfrans iştirakçılarını salamlayaraq, IV və VI sinif şagirdlərinin monitorinqi üzrə nəticələri, həmçinin IX və XI sinif buraxılış imtahanlarının nəticələri barəsində statistik məlumat verib, bununla bağlı tövsiyə və qeydlərini bildirib, eyni zamanda respublika fənn olimpiadaları nəticələrinin təhlili, Qarabağ Regional Təhsil İdarəsi üzrə şagirdlərin Fənn Olimpiadalarında illər üzrə nəticələrin analitik təhlilini konfrans iştirakçılarının diqqətinə çatdırıb. 
 
F. Qarayev həmçinin  “Sabahın alimləri” respublika müsabiqəsi və beynəlxalq müsabiqələr barədə danışıb.
 
Yekunda Qarabağ Regional Təhsil İdarəsinin müdir səlahiyyətlərini icra edən müdir müavini Anar Məcidov 2023-2024-cü tədris ilində görülən işlər haqqında hesabat məruzəsi ilə çıxış edib, region üzrə ümumi təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər və layihələrin tətbiqi vəziyyətindən danışıb. Anar Məcidov növbəti tədris ili üçün təhsil işçilərinin qarşısında duran əsas vəzifələri qeyd edib.
 
Sonda konfrans iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
 
Rəmziyyə HƏSƏNOVA,
Qarabağ