Azərbaycanda iqlim dəyişikliyi ilə bağlı olan araşdırmalar və universitetlərdə bu sahə ilə bağlı ixtisaslar çox azdır.
 
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu ADA Universitetinin İnstitusional tədqiqatlar və strategiya planlaşdırma departamentinin direktoru Abbas Abbasov "Qlobal ali təhsil gündəliyində iqlimdəyişikliklərinə qarşı mübarizə" mövzusunda forumun panel müzakirəsində çıxış edərkən deyib. 
 
O bildirib ki, Azərbaycan universitetləri iqlim dəyişikliyi ilə bağlı tədqiqatlara yaxından cəlb olunmalı və bu araşdırmaların sayı artırılmalıdır:
 
“Xüsusən magistratura və doktorantura sahəsində bu istiqamətdə yeni ixtisaslar yaradılmalıdır. Çünki bu iqlim dəyişikliyi ilə bağlı məsələlərin araşdırılmasına təkan verə bilər”.
 
A.Abbasov qeyd edib ki, bu istiqamətdə ixtisaslar çox olmasa da, COP29 tədbirlərinin keçirilməsi və post-neft iqtisadiyyatının inkişafı ilə bu sahənin genişləndirilməsinə tez zamanda öz müsbət təsirini göstərəcək. Universitetlər isə bu prosesin şaxələnməsinə, tələbələrin cəlb edilməsinə özləri daha çox maraq göstərməlidirlər. 

 
Günel ABBAS