Naxçıvan Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Beynəlxalq Kembric Məktəbində ali təhsil ocağının rektoru Elbrus İsayev məktəbin xaricdən dəvət olunan müəllimi, akademik koordinator Fabian Chavezi müəllim heyətinə təqdim edib.
 
Bu barədə universitetdən "Azərbaycan müəllimi"nə məlumat verilib. Bildirilib ki, universitetin rektoru Elbrus İsayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş 2023-2027-ci illəri əhatə edən Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı çərçivəsində yaradılan Beynəlxalq Kembric Məktəbindən danışıb. Qeyd edib ki, bu məktəb vasitəsilə beynəlxalq təhsil sisteminə uyğun yüksək inkişaf və müasir tədris imkanlarının daha da təkmilləşdirilməsi nəzərdə tutulur. Rektor Beynəlxalq Kembric Məktəbinin xaricdən dəvət olunan 24 illik təcrübəyə malik akademik koordinatoru Fabian Chavezi müəllim heyəti ilə tanış edib.
 
Beynəlxalq Kembric Məktəbinin müəllimi Fabian Chavez özü haqqında məlumat verərək qeyd edib ki, CELTA, “DELTA Modul 1”, “Cambridge Teacher Trainer” sertifikatı, “Cambridge CEFR C2” sertifikatına sahibdir. Diqqətə çatdırılıb ki, NDU-nun Beynəlxalq Kembric Məktəbinin bütün siniflərində müəllimlər üçün davamlı təlimlər keçiriləcək.
 
Sonra Fabian Chavez müəllimlərlə akademik fəaliyyəti zamanı qazandığı təcrübəni və Kembric məktəbi üçün tədris metodları, şagirdlərin psixologiyasına uyğun ən müasir qaydaları paylaşıb. O, müəllimlərlə maraqlı təlim üsullarını bölüşüb.
 
Qeyd edək ki, NDU-nun Beynəlxalq Kembric Məktəbində dünyaya müsbət töhfə verən qlobal vətəndaşlar kimi, Kembric kurikulumu vasitəsilə tənqidi düşüncəyə sahib, effektiv ünsiyyət bacarıqları olan gələcəyin liderləri hazırlanır.