Respublikanın hər yerində qeyd edilən Bilik Günü - 15 sentyabr təqvimi bu il həftənin son günü olduğundan dərslər sentyabrın 16-da başlayıb. Bir çox bölgələrimizdə şagirdlər yeni tədris ilinə elə yeni məktəb binalarında qədəm qoyublar. Füzuli rayonu Ağamoğlan Cəbrayılov adına Aşağı Alıxanlı kənd tam orta məktəbinin yeni binasının açılış günü də dərslərin başlanmasının ilk gününə təsadüf edib. 
 
"Azərbaycan müəllimi" xəbər verir ki, açılış mərasimində Elm və Təhsil Naziriliyinin məsul əməkdaşları, Füzuli rayon İcra hakimiyyətinin başçısı, məktəbin müəllim kollektivi və şagirdləri, eləcə də kənd sakinləri iştirak ediblər. 
 
Əvvəlcə dahi lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. 
 
Mərasimdə çıxış edən Elm və Təhsil Nazirliyinin aparat rəhbərinin müavini Elvin Rüstəmov əlamətdar gün münasibətilə şagirdləri təbrik edib, onlara dərslərində müvəffəqiyyətlər azrulayıb. E. Rüstəmov dövlətimizin təhsilin inkişafına göstərdiyi diqqət və qayğıdan söz açıb, bu gün təhsilin keyfiyyətinin dünya standartlarına uyğunlaşdırılmasından, kadr potensialının gücləndirilməsindən danışıb.
 
Eyni zamanda azad olunmuş ərazilərdə həyata keçirilən abadlıq və quruculuq işlərinə toxunan aparat rəhbəri xeyli sayda məktəb binasının yenidən tikilməsi və əsaslı təmiri, onların müasir tədris avadanlıqları ilə təchiz edilməsi barədə də məlumat verib. 
 
Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev çıxışında ölkə rəhbərliyin  regionlarımıza, həmçinin Füzuli rayonuna göstərdiyi diqqətdən danışıb. Bildirilib ki, açılışı olan Aşağı Alxanlı  kənd tam orta məktəbi də bu diqqətin əyani nümunəsidir. 
 
Yekunda qonaqlar məktəbdə yaradılan şəraitlə yaxından tanış olublar. 
 
Məlumat üçün bildirək ki, Aşağı Alxanlı kənd tam orta məktəbin tikintisi 2023-cü ildən başlanılmışdı. 
 
Yeni məktəb 132 şagird yerlikdir. 1.65 ha ərazini əhatə edən məktəb 10 sinif, 1 məktəbə hazırlıq, 3 laboratoriya, 2 əmək, 1 informatika, 1 hərbi hazırlıq otağı, 80 nəfərlik akt zalı ilə şagirdlərin ixtiyarına verilib.
 
Rəmziyyə HƏSƏNOVA,
Qarabağ üzrə regional təmsilçi