“Texniki peşə təhsili ilə bir sahibkar olmağın sirlərini də öyrənəcəyəm”


2024-2025-ci tədris ili başladı. Məktəblilər siniflərdə, tələbələr auditoriyalarda öz yerlərini aldılar. Bu il özü üçün, öz təhsili, öz karyerası üçün addım ataraq parta arxasına keçən bir ana da var onların arasında.

 

Aygün Allahverdiyeva. Gənc, həyat dolu, biri 10, digəri 7 yaşında iki oğul anası. Artıq bir neçə ildir cəmiyyət onu bu məziyyətlərindən əlavə bir də şəhid xanımı kimi tanıyır, dövlət ona və balalarına şəhid yadigarları olaraq böyük diqqət və qayğı göstərir.

 

“Azərbaycan müəllimi” şəhid xanımı Aygün Allahverdiyevanı qəbul olunduğu və əmək bazarına gedən yolda ilk addımlarını atdığı Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində ziyarət edərək təbrik etdi.

 

Vətən müharibəsinə qədər  hərbçi xanımı, bir kəşfiyyatçının sevdiyi qadın idi. 2014-cü ildə Babək Allahverdiyevlə ailə qurandan bəri onun xəyallarının bəzəyi, əsas gerçəkliyi oldu. Ona düşmənin bağrını yarıb orda vacib tapşırıqları yerinə yetirərək sağ-salamat vətənə qaytaran stimula çevrildi. Şəhid olduğu günə qədər qəhrəmanımızın ürəyində, ağlında, həyatında Aygünün rolu dəyişmədi. Vətən müharibəsində bu sevgi ayaqda tutdu onu, Füzuli, Xocavənd və Qubadlı uğrunda girdiyi savaşlarda döyüşdən-döyüşə apardı,  Şuşanı alıb noyabrda doğulan oğlunun ad gününə yetişəcəyinə inandırdı. O, Şuşaya da çatdı, oğlunun doğum gününə də. Amma bir şəhid qəhrəman kimi gəldi balasının özəl gününə.

 

Qeyd edək ki, noyabrın 4-də Şuşada şəhid olan qəhrəmanımız Babək Allahverdiyev 2020-ci il noyabr ayının 6-da İkinci Fəxri xiyabanda dəfn olunub. Ölümündən sonra “Vətən uğrunda” , “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

 

“Dizayn işlərinə böyük marağım var”

 

Aygün Allahverdiyeva Ağsu rayonunun Ərəbmehdibəy kəndindəndir. Məktəbə elə bu kənddə gedib, burada kənd tam orta məktəbini bitirib. Hələ o vaxtlardan peşə marağı olub, bərbər olmaq istəyib. Məktəbi bitirən kimi bərbər-vizajist kimi usta yanında şagirdlik edib, peşə öyrənib. Bakıda işlədiyi dövrdə  kurslara qatılıb, sertifikatlar alıb. 2014-cü ildə ailə həyatı qurandan sonra sevdiyi peşədən uzaqlaşmayıb. Məşğuliyyət olaraq hələ də saç kəsir, rəngləyir, üz bəzəyir.

Peşə təhsilli, peşə sənədi olmasa da, əlində sənəti olub. İndi də peşə sənədi əldə edəcək, özü də fərqli bir peşənin. Çünki o, zamanın nəbzini tutmağı bacaranlardandır. Dövr peşə dövrü, sənət dövrü olduğunu bilir: “Bərbər kimi də məşğuliyyətimi davam etdirəcəyəm. Amma dizayn işlərinə çox böyük marağım var, karyeramı bu sahədə qurmaq istəyirəm. Ev, mebel dizayn etməyə çox böyük həvəsim var”.

 

Buradan xəyallarına gedən yol daha qısadır

 

Odur ki, Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində Veb-dizayner ixtisası üzrə təhsil alacaq. Gələcəyini bu ixtisasa bağlamaq, çalışmaq, arzusundadır: “Bu sahədə işləyəcəyəm. İş qadını olmaq istəyirəm. 1 il ərzində texniki peşə təhsili ilə veb-dizayner ixtisasına yiyələnərək, nəinki əmək bazarına daxil olmağın asan yolunu tutmuş olacağam, həm də iş qadını, bir sahibkar olmağın sirlərini öyrənəcəyəm. Düşünürəm ki, bunun üçün ən doğru ünvandayam. Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində alacağım təhsil məni xəyallarıma aparacaq ən qısa yoldur”.

 

Ünvan doğru olsa da, zaman kifayət edəcəkmi, bu bir ildə bu qədər çox şeyə nail ola biləcəkmi? Onun üçün də planı hazırdır. Deyir bu təhsil yetməsə, çarəsi yenə Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzindədir: “Təhsilimi elə buradaca davam etdirmək niyyətindəyəm. İlk peşə təhsili alandan sonra asanlıqla əmək bazarına daxil olacaq,  iş tapıb işləmək imkanı qazanacağam. Amma bu təhsil arzularıma çatmağa yetməsə, bu təhsilimi uğurla başa çatdıraraq daha çox təcrübə, bacarıq əldə etmək üçük yüksək texniki peşə təhsili də ala bilərəm. Əslində, çox istərdim ki, mənə ali məktəbə müsabiqədənkənar qəbul imkanı verən yüksək texniki peşə təhsilini elə indidən alam. Amma attestat balım mənə, sadəcə bu ixtisasa daxil olmağa imkan verdi”.

 

Analıq vəzifəsini davam etdirir

 

Hazırda tələbə olsa da, artıq 10 ildir başlayan analıq vəzifəsinin də öhdəsindən gəlməyə çalışır: “Övladlarım dövlətin dəstəyi ilə yüksək səviyyədə təhsil alırlar. Onları atalarına layiq övlad kimi yetişdirməyə çalışıram. Atalarının arzusu onların da hərbçi olması idi. Hansı işdə, hansı vəzifədə, hansı sahədə olmalarından asılı olmayaraq, mən onlara dəstəyimi əsirgəməyəcəyəm,  atalarına, vətənə, dövlətimizə layiq oğul, vətəndaş kimi yetişdirəcəyəm”.

 

Ruhiyyə DAŞSALAHLI

FOTO: Kənan QAFAROV