Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri təhsilverənlərin sertifikatlaşdırılması prosesinin müsahibə mərhələsini izləyiblər. 
 
“Azərbaycan müəllimi" “Qafqazinfo”ya istinadən xəbər verir ki, onlayn formatda “Microsoft Teams” platforması üzərindən təşkil edilən müsahibələr bir sədr və bir psixoloq olmaqla iki mütəxəssis tərəfindən aparılır. 
 
Müsahibələrin bir qismində iştirak edən İctimai Şura üzvlərinin proseslə bağlı rəyini təqdim edirik.
 
İctimai Şuranın üzvü, “Bağçam” Uşaq Bağçaları Şəbəkəsinin təsisçisi Rasif Dünyamalıyevin sözlərinə görə, müsahibə zamanı iştirakçıların maksimum rahatlığı üçün şərait yaradılır: “Bildiyiniz kimi, artıq bir müddətdir ki, dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesi həyata keçirilir. İctimai Şura olaraq bu prosesi hər zaman diqqətdə saxlayır, birbaşa və ya dolayı yolla prosesi müşahidə edirik. Bu dövrdə aparılan müsahibələrin bir neçəsinə müşahidəçi kimi qatıldım. Müsahibə zamanı iştirakçıların maksimum rahatlığı üçün şərait yaradılır və stresli, həyəcanlı olan şəxslər üçün sakitləşmə imkanı verilirdi. Mütəxəssislər tərəfindən  iştirakçılara təqdimat, qiymətləndirmə və ünsiyyət bacarıqlarına aid suallar təqdim edildi. Müsahibə komissiyasına və təşkilatçılara şəffaflıq və əməkdaşlıq üçün təşəkkür edirəm. Əminəm ki, bu başladılmış sertifikalaşdırma prosesi Azərbaycan müəllimini yeni bir mərhələyə çatdıracaq və Azərbaycan təhsilinə öz töfhəsini verəcək”. 
 
 
ETN yanında İctimai Şuranın katibi Günay Əkbərova da prosesi müşahidə edənlərdəndir. O bildirir ki, müsahibə prosesini izləyib və müəllimlərin müsahibə zamanı uğurlu iştirak etdiyinin şahidi olub: “Sertifikatlaşdırmanın müsahibə mərhələsini izləmək fürsətim oldu. Xüsusi olaraq vurğulamalıyam ki, müsahibə komissiyaları olduqca peşəkar müətəxəssislərdən təşkil edilmişdi. Müvafiq fənn üzrə müəllimlərə qiymətləndirmə meyarlarına uyğun olaraq pedaqoji prosesi təşkiletmə bacarığına dair situativ suallar verilir, namizədlərin özlərini tam ifadə etmələri üçün imkan yaradılırdı. Sertifikatlaşdırmanın test mərhələsi kimi müsahibə mərhələsi də həqiqətən həlledicidir. Hər iki mərhələdə iştirak etmiş müəllim kimi deyə bilərəm ki, bu proses təhsilverənlərin daha da təkmilləşdirilməsinə xidmət edir.”
 
İctimai Şuranın üzvü, Azərbaycan Özəl Təhsil Müəssisələri Assosiasiyasının sədri Heydər Eminli də müsahibə mərhələsinin ədalətli və diqqətli təşkil edildiyini vurğulayıb: “Müsahibədə iştirak edən namizədlər xüsusi təşkil edilmiş, internet rabitəsi daim nəzarətdə olan mərkəzlərə gələrək oradan qoşulurlar. Həmin mərkəzlər Bakı Şəhəri üzrə Təhsil İdarəsi də daxil olmaqla hər bir regional təhsil idarəsində var. Mərkəzlərdə texniki məsələlərə məsul şəxslər də fəaliyyət göstərir ki, bu da öz növbəsində həm qeydiyyatın aparılması, həm də sistemdə problem yaşanması zamanı müəllimimizə kömək məqsədi daşıyır.”
 
Qeyd edək ki, sertifikatlaşdırmanın müsahibə mərhələsi 7 oktyabradək davam edəcək.