“Təhsil” Respublika İdman Mərkəzi idmançıları və məşqçiləri təltif edib


Dekabrın 20-də  “Təhsil” Respublika İdman Mərkəzinin “Zuğulba” Tədris İdman Bazasında 2018-ci ildə yüksək nəticə qazanmış idmançıların və məşqçilərin təltifolunma mərasimi keçirilib.

 

Mərasimdə Təhsil Nazirliyinin Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin müdiri Vasif Məmmədov, idman ictimayyətinin nümayəndələri və media qurumları iştirak edib.

 

Mərasimi giriş sözü ilə açan “Təhsil” Respublika İdman Mərkəzinin direktoru Natiq Lahıcov mərkəzin 2018-ci ildə ümumi fəaliyyəti ilə bağlı məlumatı tədbir iştirakçılarının diqqətinə çatdırıb. N.Lahıcov vurğulayıb ki, idmançılarımızın ildən-ilə yüksək nəticələr əldə etməsi ölkə başçısı, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyev  tərəfindən Azərbaycanda idmana böyük diqqət və qayğı göstərilməsinin bariz nümunəsidir. Hər bir idman mütəxəssisinin borcudur ki, səmərəli fəaliyyəti ilə  bu etimadı doğrultsun.

 

Sonra təltifolunma mərasiminə başlanılıb. Mərasimdə Təhsil Nazirliyinin tabeliyində olan  uşaq-gənclər idman məktəblərinin yüksək nəticə göstərmiş 24 idmançısı, bədən tərbiyəsi və idmanın inkişafında səmərəli fəaliyyət göstərmiş, yüksək nəticəli idmançı hazırlamış 34 məşqçi-müəllim, kütləvi idman tədbirlərinin təşkili və keçirilməsində  səmərəli fəaliyyət göstərmiş “Təhsil” Respublika İdman Mərkəzinin 6 əməkdaşı, tədris-məşq prosesinin təşkilində fərqlənən iki məktəb direktoru, bədən tərbiyəsi və idmanın təbliğinə verdiyi töhfəyə görə “Azərbaycan müəllimi” qəzetinin əməkdaşı Rəşad Ziyadov diplomlarla təltif ediliblər.

 

Rəşad ZİYADOV