Mühəndislik fakültəsinin “Sxema” komandası birinci olub


Dekabrın 25-də Sumqayıt Dövlət Universitetində fakültələrarası Şən və Hazırcavablar Klubunun yarışı keçirilib.

 

Rektor, professor Elxan Hüseynov çıxış edərək iştirakçıları salamlayıb. Qeyd edib ki, Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Bu gün dövlətin gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin aparıcı qüvvəsinə çevrilərək bütün sahələrdə öz sözünü deyir və potensial imkanlarını ortaya qoyur. Gənclərin istedadının üzə çıxarılması üçün dövlət xüsusi layihələr həyata keçirir. Azərbaycanın aparıcı dövlətə çevrilməsi naminə gənclərin imkanlarından daha səmərəli istifadə edilməsi, həmçinin bunun üçün əlverişli şəraitin yaradılması gənclər siyasətinin əsasını təşkil edir.

 

Rektor onu da bildirib ki, dövlət gənclər siyasətinin həyata keçirilməsi istiqamətində maraqların təmsil edilməsi, tələbələrin asudə vaxtının səmərəli təşkil edilməsi, eləcə də aktyorluq bacarığı olan gənclərin üzə çıxarılması məqsədilə Sumqayıt Dövlət Universitetində lazımi şərait yaradılıb,  bu istiqamətdə mütəmadi olaraq tədbirlər həyata keçirilir. Bunun nəticəsidir ki, tələbələrimiz  universitetlərarası  keçirilən Şən və Hazırcavablar Klubunun yarışlarında, musiqi və şeir dərnəklərində,  müsabiqələrdə fəal iştirak edərək kuboka layiq görülürlər.

 

Rektor Şən və Hazırcavablar Klubunun fakültələr üzrə komandaların hazırlığında klubun bədii rəhbəri Məcid Hüseynova və münsiflər heyətinə təşəkkürünü bildirib.

 

Fakültələr üzrə Şən və Hazırcavablar Klubunun çıxışları iştirakçıların böyük marağına səbəb olub.

 

Gərgin mübarizə nəticəsində I yeri Mühəndislik fakültəsinin “Sxema” komandası tutub.

 

Münsiflər heyəti qismində aktyorlar Tərlan Nur Yaşar, Elsevər Mehdizadə, Ramiz Hüseynzadə, "Parni İz Baku" teatrının aktyoru və ssenari müəllifi Ələkbər Əliyev, kikboks üzrə 2-qat dünya, 3-qat Avropa çempionu Elnur Mahmudov çıxış etdilər.  

 

Qaliblərin seçilməsində ədalət prinsipi əsas götürülüb..

 

Qalib komandalar kuboklarla təltif olunublar.