Mehdi Hüseynzadənin 100 illiyi ilə bağlı adını daşıdığı məktəbdə tədbir keçirilib


“Mehdi Hüseynzadə 1941-1945-ci illər müharibəsində faşizmə qarşı mübarizədə apardığı çoxsaylı uğurlu kəşfiyyat əməliyyatları  və  nümayiş  etdirdiyi  misilsiz hərbi şücaəti ilə böyük şöhrət qazanmış və Azərbaycan xalqının zəngin tarixi hünər salnaməsinə şanlı səhifələr yazmışdır”. İgid döyüşçü - partizanın qəhrəmanlığı haqqında deyilmiş bu fikirlər ölkə Prezidentinin onun 100 illik yubileyinin qeyd olunması ilə əlaqədar bu il iyunun 23-də verdiyi sərəncamdan  götürülüb.

 

Bəli, adı İkinci Dünya müharibəsi illərində müqavimət hərəkatının çoxminli iştirakçıları və faşistlər arasında Mixaylo kimi məşhur olan igid həmyerlimizin şücaəti, həqiqətən, böyük hünər nümunəsidir və buna görə də adının çəkilməsi, qəhrəmanlıqlarının xatırlanması hər birimizin qəlbini  qürur hissi ilə doldurur. Qəhrəmanın doğulduğu,  böyüyüb boya-başa çatdığı Novxanı kəndinin sakinləri, Mehdinin  adını daşıyan 1 nömrəli tam orta məktəbin müəllim və şagird kollektivi isə üstəlik Mixaylonun məhz onların həmkəndlisi olmasından daha çox fəxarət hissi keçirir, onun xatirəsini yaşatmaq, qəhrəmanlıq nümunəsini gələcək nəsillərə ötürmək üçün əllərindən gələni edirlər.

 

Qəhrəmanın 100 illik yubileyinin qeyd olunması haqqında Prezident sərəncamından sonra isə M.Hüseynzadə adına Novxanı kənd 1 nömrəli tam orta məktəbdə bu istiqamətdə hazırlanıb həyata keçirilən tədbirlər daha müntəzəm və sistemli şəkil alıb. Bu günlərdə isə məktəbdə, bir növ, həmin tədbirlərin davamı və yekunu olaraq qəhrəmanın 100 illiyinə həsr olunmuş möhtəşəm bir yubiley mərasimi keçirilib.

 

Mərasimdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, rayon təhsil şöbəsinin  müdiri Nazilə Məmmədova,   tədqiqatçı Şəmistan Nəzirli, məktəb direktorları, ictimaiyyət nümayəndələri, şəhid ailələri, müəllimlər və məktəblilər iştirak ediblər.

 

Tədbirdən öncə qonaqlar məktəbdəki “Mehdi muzeyi”ni ziyarət edib, 1965-ci ildən 2018-ci ilədək “Mehdi günləri” çərçivəsində keçirilən görüşlərə həsr olunmuş stendlə, şagirdlərin əl işlərindən ibarət sərgi ilə tanış olublar.

 

Mərasimi məktəbin direktoru Taliə Mirzəyeva açaraq iştirakçıları salamlayıb, tədbir haqqında məlumat verib. Direktor habelə M.Hüseynzadənin 100 illik yubileyi ilə bağlı rayon səviyyəli tədbirin məhz onların məktəbində keçirildiyinə görə rayon rəhbərliyinə təşəkkür edib.

 

Aparıcı-məktəbin kimya müəllimi Kəmalə Ağamalıyeva tədbiri açıq elan edib, himn ifa olunandan sonra M.Hüseynzadə haqqında məlumat verilib, onun döyüş yolundan danışılıb, “Uzaq sahillərdə” filmindən bir parça, M.Hüseynzadənin muzeyindən görüntülər nümayiş olunub.

 

Məktəbin tarix  müəllimi Məsumə İsayeva çıxış edərək II Dünya müharibəsində Azərbaycan oğullarının da iştirak etdiyini, təkcə Novxanı kəndindən 384 nəfərin ordu sıralarına çağırıldığını, onların yalnız 185-nin geri qayıtdığını bildirib. Diqqətə çatdırıb ki, həmyerliləri Mehdi Hüseynzadə bu döyüşlərdə göstərdiyi misilsiz qəhrəmanlığa görə müharibədən çox sonralar-1957-ci ildə Sovet İttifaqı Qəhrəmanı fəxri adına layiq görülüb. Bu hadisə novxanılıların, eləcə də kənd məktəbinin şagirdlərinin hədsiz  sevincinə səbəb olub. O gündən başlayaraq Mehdi haqqında sənədlər, məlumatlar toplanaraq məktəbdə  “Mehdi muzeyi” təşkil olunub.

1965-ci ildə məktəbə M.Hüseynzadənin adı verilib. Hər il aprelin 11-i məktəbdə “Mehdi günü” kimi qeyd olunur. 2007-ci ildə kənddə Mehdi Hüseynzadənin heykəli ucaldılıb. Qəhrəmanın adının əbədiləşdirilməsi istiqamətində ölkə miqyasında da bir sıra addımlar atılıb,  adı məktəblərə, küçə və meydanlara verilib, haqqında saysız-hesabsız məqalələr yazılıb, qəhrəmanlıqlarına roman, bədii film həsr olunub. Ulu öndər Heydər Əliyevin sərəncamı ilə 1973-cü ildə Bakının  görkəmli yerində igid partizanın adına layiq ucaldılmış abidə kompleksi qəhrəmanlıq simvoluna, hər il  Qələbə Gününün təntənə ilə qeyd olunduğu tarixi yerə çevrilib.

 

Sonra səhnə məktəbin istedadlı şagirdlərinin ixtiyarına verilib.

 

Musiqi sədaları altında Dövlət bayrağı səhnəyə gətirilib. Əsgər geyimində olan, yaxalarına milli qəhrəmanların şəkillərini vurmuş şagirdlər şeir və musiqi çələngindən ibarət kompozisiya təqdim ediblər.  Cavidan,  Zəhraxanım,  Simuzər, Əntiqə, Səma, Fariz, Asət, Səadət, Hüseyn, Aydın, Kəmalə və başqaları bayrağa, Vətənə, Mehdi Hüseynzadənin qəhrəmanlığına həsr olunmuş, eləcə də Mehdi Hüseynzadənin özünün müəllifi olduğu şeirlər söyləyib, mahnılar ifa ediblər.

 

Bədii hissədən sonra tədbir qonaqların çıxışları ilə davam edib. Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova tədbiri yüksək qiymətləndirib və onu hazırlayanlara təşəkkür edib. O, eyni zamanda belə istedadlı şagirdlər yetişdirdiyi üçün məktəbin rəhbərliyinə və müəllimlərə minnətdarlığını bildirib.

 

İcra  başçısı  qeyd  edib ki, yüksək əxlaqi keyfiyyətlərə malik cəsur kəşfiyyatçı Mehdi Hüseynzadənin rəşadət dolu şərəfli həyat yolu bu gün vətənimizin sərhədlərini layiqincə qoruyan və işğal altındakı torpaqlarımızı azad etməyə hər  an hazır olan mətin Azərbaycan əsgəri, eləcə də hər bir gənc üçün parlaq qəhrəmanlıq nümunəsidir. Tədbirdə iştirak edən hər bir şagirdin simasında mehdiləri gördüyünü bildirən icra başçısı onların arasında gələcək mehdilərin yetişdiyinə inandığını söyləyib. İ.Gülməmmədova hər il qəhrəmana həsr olunmuş anım mərasimləri keçirməklə onun xatirəsini yaşatdıqlarına, M.Hüseynzadənin məzarı üzərinə daim tər çiçəklər düzdüklərinə görə məktəbin kollektivinə, kənd sakinlərinə də təşəkkür edib, dövlətimizin xalqımızın qəhrəman oğullarına diqqət və qayğısından danışıb.

 

Tədqiqatçı Şəmistan Nəzirli, AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfov və başqa çıxış edənlər də şagirdlərə öz alqışlarını çatdırıb, Novxanı torpağının Məhəmməd Əmin Rəsulzadə, Süleynam Rüstəm, Mehdi Hüseynzadə kimi görkəmli simalar, igid, qəhrəman, mübariz vətən oğulları yetişdirdiyini qeyd ediblər. M.Hüseynzadənin 100 illik yubileyinin Azərbaycan Cümhuriyyətinin 100 illik yubileyi ilə üst-üstə düşməsinin böyük rəmzi məna kəsb etdiyi vurğulanıb.

 

Yusif ƏLİYEV