Cib xərcliyi ilə davranışları uşaqlarda tərbiyənin necə olmasının əsas göstəricilərindən biridir. Bir qədər rəsmi dillə söylənilsə, bu, kiçik yaşlarından uşaqların özlərinə aid maliyyə ilə necə davranmalı olduqlarını formalaşdıran instinktiv davranış formasıdır.

 

Əgər siz övladınıza gündəlik cib xərcliyi vermək niyyətindəsinizsə, ilk növbədə özünüz üçün bir neçə suala cavabınız olmalıdır.

 

Hansı yaşdan uşağa cib xərcliyi vermək lazımdır?

 

Uşaqlara cib xərcliyi onların ictimaiyyət arasına çıxdığı andan verilə bilər. Yəni məktəbə getdiyi gündən. Təxminən altı və ya yeddi yaşından başlayaraq. Çünki məhz altı-yeddi yaşdan başlayaraq uşaqda məsuliyyət hissi yaranır. Məhz o yaşdan uşaqlar anlayırlar ki, əşyaları ilə səliqəli davranmalıdırlar. Vacib olan, köhnəlməmiş əşyalarını qorumaq, saxlamaq lazımdır. Onlar anlayırlar ki, bu məsələlərdə buraxdıqları hər hansı səhvə görə cavab olaraq cəzalandırıla bilər, yəni məsuliyyət daşıyarlar.

 

Cib xərcliyinə gəldikdə, uşaqlar üçün özlərinə aid olan pulla xırda bir şeyi almaq böyük zövqdür. Bu həm də onlara özlərini şəxsiyyət kimi hiss etdirir.

 

Uşağa nə qədər pul verilməlidir?

 

Birincisi, bu, ailənin maliyyə durumuna bağlı məsələdir. Eyni zamanda, uşağın hansı yaşda olmasına bağlıdır. Əgər siz uşağa cib xərcliyini maliyyə durumunuzdan asılı olaraq bir qədər az verəcəksinizsə, mütləq bunu ona izah edin ki, pərt olmasın. Yox, əgər maddi imkanlar normaldırsa, burada uşağa pul verməyin limiti yoxdur. Siz övladınıza cib xərcliyi olaraq bir manat da, on manat da verə bilərsiniz. Lakin diqqət edəcəyiniz məsələlər var. Uşaq verdiyiniz on manatı hansı müddətdə xərcləyir? Necə xərcləyir?

 

Əgər yeddi yaşında uşaq on manatı bir gündə xərcləyirsə, bu onun bədxərc olmasına dəlalət edən faktdır. O üzdən xərcliyi azaltmaq və nə alacağını ona izah etmək mütləqdir. Yox, əgər uşaq on manatı həftənin ilk günü alırsa və hər gününə iki manat olaraq hesab aparıb xərcləyə bilirsə, deməli, hər şey normaldır. Müdaxiləyə yox, müşahidəyə ehtiyac var. Hətta müşahidə müddətində cib xərcliyini bir qədər artırmaq da olar. Uşağa daha artıq pul verməklə onun büdcəsinə necə qənaət etməsini də diqqətdə saxlayacaqsınız. Mütləq bir müddətdən sonra görəcəksiniz ki, uşaq ona verilən puldan hansısa arzusunu həyata keçirmək üçün xırda bir büdcə formalaşdırıb.

 

Müşahidəni necə etməli?

 

Ümumiyyətlə, uşaqlar valideynin onun üzərində müşahidə apardığının fərqində olmamalıdır. Onlar bunu sevmirlər. Valideynlərin onlara inanmadığını və ya nəyisə düz etmədiklərini düşünürlər. Bu halda mütləq hərəkətlərini gizlətməyə çalışacaqlar. Bu, valideyn-övlad münasibətlində uçurum yaranmasının göstəricisidir. Çalışmaq lazımdır ki, müşahiə çox diqqət çəkmədən aparılsın.

 

Heç zaman unutmayın, cib xərcliyi ilə davranış vacib tərbiyə üsullarından biridir.

 

Mehriban VERDİYEVA,

“Məktəblinin dostu” layihəsinin psixoloqu