“Ey adamlar, insan olun, bu sizin birinci vəzifənizdir”

 

J.J.Russo,

 

fransız mütəfəkkiri

 

 

Tanınmış təhsil eksperti Etibar Əliyevin 18 yanvar 2019-cu il tarixdə “Azərbaycan müəllimi” qəzetində işıq üzü görmüş “Pedaqoji təhsil və müəllim hazırlığı: dünya təcrübəsi” adlı məqaləsində pedaqogikanın ali məktəblərdə tədrisi ilə bağlı çox mühüm məsələlər qaldırılıb. Müəllif dünya ölkələrindən nümunələr verməklə əsas diqqəti pedaqogikanın tədrisində standartların müasir tələblər baxımından müəyyənləşdirilməsi kimi çox vacib problemlərin həllinə yönəldib. Çünki bazar iqtisadiyyatının qaydaları  yeniləşən cəmiyyətimizin qarşısında önəmli sosial  sifariş qoyur: yeni düşüncə tərzinə, təfəkkürə, hərtərəfli dünyagörüşünə malik insan yetişdirmək.

 

Bu sosial sifariş isə pedaqogika elmində mühüm ictimai-pedaqoji, sosial-mədəni əhəmiyyət daşıyan məsələlərdir ki, əsas mahiyyətini  insan, onun bilik və bacarıqları, səriştələri, əxlaqi-mənəvi dəyərləri  təşkil edir.

 

Bu gün pedaqogikanın  tədrisinə  təsir edən  faktorlara ümumi baxış dəyişməlidir. XVII əsrdə ingilis filosofu Con Lokkun irəli sürdüyü “Ağ lövhə” nəzəriyyəsini dünyanın bir çox ali məktəblərində bir fənn olaraq tədris edilən embrional pedaqogika inkar edərək, uşağın tərbiyəsi ilə ana bətnindən başlamağı vacib hesab edir. Uşağın tərbiyəsində onun psixoloji, yaş və fərdi xüsusiyyətlərinin nəzərə alınmasını zəruri hesab edən XVIII əsr Fransa maarifçilik hərəkatının ən görkəmli nümayəndəsi olan Jan Jak Russo azad tərbiyə tərəfdarı idi. Bu, birbaşa istər ali məktəblərdə, istərsə də ümumi orta təhsil məktəblərində təlim-tərbiyə prosesinin demokratikləşməsi, humanistləşməsi və humanitarlaşması deməkdir. Bu üç vacib prinsipi özündə ehtiva edən demokratik pedaqogika fənninin tədrisi məhz  özündə qarşılıqlı ünsiyyətin, davranış mədəniyyətinin, qanunlara hörmətin, cəsarət və tələbin, özünü və başqalarını dərkin, mənəvi rahatlığın, cəmiyyətdə, fəaliyyətdə öz yerini daha düzgün tapa bilməyin məqsədyönlülüyünü artırır, şəxsiyyətin tamlıq keyfiyyətlərini formalaşdırır. Eyni zamanda, təhsil problemlərinin fasiləsiz və effektiv həllinə şərait yaradır. İstər ali, istərsə də orta məktəblər fərdin gündəlik həyatda rolunu artırır, sosiallaşma proseslərinə dayanaraq onun daha çox nəticəyönümlü olmasına xidmət edir, insanın ictimai həyatda fəal iştirakını stimullaşdırır.

 

Bildiyimiz kimi, pedaqogikanın bir elm kimi inkişafında çex pedaqoqu Yan Amos Komenski böyük rol oynayıb. O, “Böyük didaktika” əsərində “Hamıya hər şeyi öyrətmək” ideyasını irəli sürmüş, kollektiv təlim formasını (sinif-dərs sistemini) əsaslandırmış, təlimin bir çox prinsip və metodlarını göstərmişdir. Günümüzə qədər xarakterik olan bu nəzəriyyələrin müsbət cəhətlərini qeyd etməklə yanaşı onu bildirmək istərdik ki, müasir pedaqogika onun irəli sürdüyü “Hamıya hər şeyi öyrətmək” ideyasını inkar edir. Orta məktəblərdə şagirdə lazım olan biliklərin öyrədilməsini özündə ehtiva edən təmayül siniflərin açılması bunun bariz nümunəsidir. Bu, istər məzmunda, istərsə də təlim-tərbiyədə yeni forma, metodların meydana gəlməsi, pedaqogikanın həyatımıza olan nüfuz dairəsinin genişlənməsi deməkdir. Hesab edirik ki, pedaqoji universitetlərdə də bu islahatlar aparılmalıdır. Bu, müasir tələblərə cavab verən gənc müəllimlərin yetişdirilməsində mövcud problemlərin aradan qaldırılmasına geniş imkanlar yaradar.

 

Yenə də böyük pedaqoqun həmin əsərdə irəli sürdüyü sinif-dərs sistemi də öz yerini yeni formalara verməkdədir. Onlayn, “divarsız”, açıq havada, muzeylərdə dərslərin verilməsi artıq dünyanın bir çox təhsil sistemlərində tətbiq olunmaqdadır.  

 

“Psixologiya və pedaqogika müəllimin qoşa qanadlarıdır. Müəllim bu bənzərsiz elmlərə yiyələnəndə əsl tərbiyəçiyə çevrilir”. Uzun illər maarif naziri olmuş akademik Mehdi Mehdizadənin keçən əsrin 60-cı illərində  irəli sürdüyü bu fikirlər ali məktəblərdə bu elmlərin inteqrativ tədrisində yeni məzmun, proqram və standartları, yanaşmanı, pedaqoji təcrübənin yeni, pedaqoji internatura formasına keçilməsini labüd edir.

 

İnsanlıq mövcud olduğu dövrdən meydana gələn ehtiyaclarından biri də onun tərbiyəsi, onun həyata, yaşayışa hazırlanması olub. Elə yunan sözü olan pedaqogika sözünün  hərfi mənası da “uşağın doğulması”, “uşağın idarəolunması” və “tərbiyə sənəti” anlamlarını verir. Deməli, pedaqogikanın bizə verdiyi imkanlardan ancaq bilikli insanlar yetişdirmək üçün istifadə edilməməli, şagirdlərə  biliyin praktikada tətbiqi, biliyin sosial davranışlarla əlaqələndirilməsi, biliyin biliyə tətbiqi və digər  bacarıqlar, səriştələr kimi həyati vacib keyfiyyətləri aşılayan müəllimlərin hazırlanması lazımdır. Məhz pedaqogika elmi də insan kapitalına yönələrək, kompas kimi onun yetişdirilməsinin cəhətlərini - yollarını göstərir.

 

 

Məlahət MÜRŞÜDLÜ,

pedaqogika üzrə fəlsəfə doktoru