Heç kimin həyat yolu, uğur yolu düz, hamar deyil. Nailiyyətə gedən insanın əngəllərlə qarşılaşması normaldır, labüddür. Heç kəs müvəffəqiyyəti əli cibində qazanmayıb. Heç bir uğurlu, qalib insan uğur zirvəsinə liftlə qalxmayıb. Fəsillərin baharı-qışı, yolların enişi-yoxuşu olduğu kimi qazanılmış uğurların da təməlində zəhmət, tər, əngəl və göz yaşı var.

 

Əksər motivatorların, uğurlu insanların təsdiq etdiyi bir formul var: Müvəffəqiyyətə gedən yolun bir sirri də “İsrar etmək!”dir. İnadkarlıq deyil, israrlı olmaqdır. Konfutsi deyir ki, ən böyük müvəffəqiyyət yıxılmamaq deyil, yıxıldıqdan sonra yenidən dirçəlməkdir. Yəni, Marşal Yozef Pilsudskinin dediyi kimi, “Məğlub olmaq, ancaq əsla təslim olmamaq... Zəfər budur” kimi düşünüb, hər uduzduğunda yenidən inamla yolunu davam etdirmək, gündüzlərin eşqinə gecələrə sinə gərmək, şərtlər necə olursa-olsun, vəziyyət nə tələb edirsə-etsin, dayanma bilmədən israr etməkdir...

 

 Müvəffəqiyyətli ola bilmək üçün etdiyiniz işi sınamaqda israrlı olmaq lazımdır. Lampanı icad edən Edison təkrar-təkrar sınağın insanı necə müvəffəqiyyətə çatdıra biləcəyinə gözəl bir nümunədir. Uzun davamlı işıqlandırma üçün lampa içərisində istifadə ediləcək dayanıqlı teli tapa bilmək üçün 700 dəfə təcrübə aparıb. Ondan niyə imtina etmədiyini soruşduqda “Mən yalnız lampanı işlətməyəcək yüzlərlə yol tapdım. Ən sonunda hədəfimə çatacağam” deyib.

 

Glenn Cunningham 5 yaşında ayaqları dəhşətli bir şəkildə yandıqdan sonra əlil olmuş, həkimlər tərəfindən həyatın axarına buraxılmış biri idi. “Bir daha yeriməsi mümkün deyil. Heç şansı yoxdur” demişdilər. Lakin heç kim bu uşağın ürəyini və israrını düşünməmişdi. Əvvəl addım atmağı, sonra yeriməyi, daha sonra qaçmağı məşq etdi. Bunun üçün həyatının 20 ilini verdi. 1934-cü ildə dünya rekordunu qıraraq meydanda da özünü isbat etdi. Madison Sguare Garden'də “Yüz ilin ən bacarıqlı atleti” oldu.

 

Böyük insanlar kiçik əngəllərin qurbanı olmazlar. Sonuna qədər israr edərlər. Əngəllərin artması onları əsla dayandırmaz. Çünki onlar gecənin tam qaralmasının günəşin doğacağına dəlalət etdiyinin yaxşı fərqindədirlər.

 

Əgər Henri Ford israrlı olmasaydı, avtomobilin əvəzinə nəsə başqa bir vasitədən istifadə edərdik. Əgər Rayt qardaşlarının inadı olmasaydı, təyyarə deyil, bəlkə də hələ də hava şarında uçardıq. “Qreham Bellin israrlı sınaqları olmasaydı” sözünü dilə gətirə bilmirəm. Nə telefon, nə internet, nə də başqa yeniliklər olardı.

 

Yaddan çıxarmayaq, dahi insanlar heç nəyin mahiyyətinə varmadan işini davam edən adi insanlardırlar.  “Dahilər və autsayderlər” bestsellerinin müəllifi Malkolm Qladuelin fikrincə, öz işinin mütəxəssisi olmaq üçün təxminən 10 il və yaxud 10 min saatlıq təcrübən olmalıdır. “Beatles” qrupunu götürün. Liverpullu gənclər ABŞ-a səfərə getməzdən öncə o möhtəşəm çıxış üçün 7 il hazırlaşıblar. Bunun üçün onlar hər gün 8 saat gecə klublarında, kiçik konsert zallarında çıxış ediblər. Hər gün! 8 saat! Dünyaca tanınmış qrupa çevrilənə qədər isə 1200 canlı çıxış etmişdilər.

 

İsrar edən insanlar hədəflərinə bütün varlıqları ilə bağlanarlar. Həyatını hədəfinə həsr edən və bütün varlığı ilə məqsədinə bağlanan bir başqa insan - Lui Paster. Həkim olmadığı üçün 1800-cü illərin həkimləri onun düşüncələrinə  barmaqarası baxırdılar. Lakin kimyaçı və bakterioloq olaraq fəaliyyət göstərən Paster isə onlara məhəl qoymayaraq çalışmalarını davam etdirirdi. Beləcə, gərgin çalışmalarının nəticəsində quduz xəstəliyinin müalicəsini tapmışdı. Paster ayrıca, içdiyimiz südün uzun müddət xarab olmaması üçün yeni metod təklif etdi. Burada südü 60°C-də otuz dəqiqə isidib, sürətli bir şəkildə soyutduqdan sonra südü qapalı və sterilizə olunmuş şüşə qablara qoymaq lazım idi. Bu metod hal-hazırda da istifadə olunur və onu Louis Pasteurun şərəfinə “pasterilizə etmək” adlandırırlar. Paster özünə inanan elm adamı idi. Başqalarının söylədiklərilə yox, öz doğruları ilə yaşayar və müvəffəq oluncaya qədər israr edərdi. Həm də elə israr ki, nikah mərasimi başlayınca onu ortalıqda görmədikdə axtarıb laboratoriyadan tapmışdılar. Həyatını hədəfinə həsr etmiş, çoxlarının sevimlisi olmuşdu... Və illər sonra Fransada “tarixin ən böyük fransızı”nı müəyyənləşdirmək üçün xalqın seçiminə baş vurduqda hər kəs onu göstərmişdi.

 

Elə isə fəaliyyətləriniz tez bir zamanda öz bəhrəsini göstərməsə, əsla vaz keçməyin. Bir müddət çalışın, bir müddət səbr edin, hər zaman inanın və heç bir zaman geri dönməyin. Müvəffəqiyyət üçün yola çıxdınızsa, ümidsizliyi bir kənara atın. İstər çətin, istər asan, bütün məqamlarda ümidə sarılın. Çünki Tristan Bernardın dediyi kimi, “Həyat dənizə, ümid limana bənzəyir. Fırtınalı günlərdə ona sığınaraq ayaqda qalmaq olur”.

 

Yekunda türk dünyasının əvəzsiz motivatorlarından biri Mömüin Sekmənin israrlı olmaqla bağlı hipnotik seans, motivasiya çıxışı ilə fikrimizi tamamlayırıq:

 

Hədəfə çatmaq üçün bir qapıdan keçməyin lazımdır, o qapı isə bağlıdır. Bu qapını açmaq üçün heç olmasa bir dəfə döy, sonra izlə. Bu, təcrübəsizliyin yoludur. Gözlə. Açmadılarsa, səbrlə 40 dəfə döy. Bu, əzmin yoludur. Adətən nəticə verər. Verməzsə? Əzmli olduğun qədər ağıllı və elastik olmalısan.

 

Hələ də açılmadısa, yaxında gördüyün 40 qapını heç olmasa bir dəfə döy. Bu, rahatlığın yoludur. Hələ də açılan qapı yoxdursa, o 40 qapını 40 dəfə döy. Bu, qərarlı israrlığın yoludur. Bu dəfə açılma şansı 80%-dir. Hələ də açılan qapı yoxdursa, qərarlı və elastikliyə, bir az yaradıcılıq qatmalısan. Bu dəfə 40 qapını 40 dəfə 40 fərqli şəkildə döy. Bu dəfə qapıların açılma ehtimalı 90%-dir. Hələ də istədiyinə çatmadınsa, son olaraq zamanı silah kimi işlət. Bir müddətlik kənara çəkil, səbrlə gözlə, yeni yaranacaq şərtləri izlə. Şərtlər xeyrinə olacaq şəkildə dəyişdiyi anda bunları bir daha təkrarla.

 

Uzun müddət gözləntilərin özünü doğrultmadısa, o zaman tam əks strategiya tətbiq edəcəksən. Bu günə qədər etdiyin bütün taktikaları, addımları unut, beyindəki tozları sil, xətləri poz. Yeni yol icad et. Qapı döyən deyil, qapısı döyülən ol. İstəyən deyil, istənilən ol. Dünyanın israrla səndən istədiyi bir xüsusiyyət, bacarıq, istedadın olmamış deyil. Yoxdursa, onu düzəlt. Başqalarının qapılarını sındırma, elə bir şey düzəlt ki, sənin qapında növbəyə dayansınlar. Sakitliyə çəkil. O sakitlikdə elə bir ev düzəlt ki, 40 qapısı olsun. Bir vaxtlar olduğu kimi başqalarının qapısını israrla döydüyün şey nə idi ki, başqalarını da eyni əzm və israrla sənin qapını döyməyə məcbur etsin?

 

Ampula icad et, xərçəngin müalicəsini tap, motivasiya yaradacaq kitab yaz, kütlələri hipnoz edəcək musiqi bəstələ, göz qamaşdıran tablolar çək, həyat qurtaran APP-lər yarat, siqaret, narkotik, içki düşkünlüyünü yox edəcək formul qur. Düşün, icad et, düzəlt! Get yoxla, qapı döyülürmü?  

 

 

Sənan NƏCƏFOV