Ən yüksək nəticə göstərən region məktəbliləri


Xəbər verdiyimiz kimi, tam (11 illik) orta təhsil səviyyəsi üzrə keçirilmiş buraxılış imtahanlarının nəticələrinə görə 53 şagird 300 bal toplayıb. Maksimum nəticə göstərənlər arasında Qəbələ, Şəki və Qax məktəbliləri də yer alıblar.

 

Biz də  “Azərbaycan müəllimi”qəzeti olaraq həmin şagirdləri oxucularımıza təqdim edirik və qarşıdan gələn blok imtahanında onlara  uğurlar azulayırıq.

 

“Məqsədim ürək cərrahı olmaqdır”

 

Elşən Yusubov, Qəbələ rayonu Həmzəlli kənd tam orta məktəbin şagirdi: “Buraxılış imtahanında yüksək nəticə əldə etməyimdə əsas pay sahibləri valideynlərim və müəllimlərimdir. Yüksək nəticə göstərmək üçün kifayət qədər çalışmışdım. Bu səylərin nəticəsiz qalmayacağına və istəyimə çatacağıma ürəkdən inanırdım. Maksimal nəticəni toplamağa nail oldum. Uşaqlıqdan məqsədim ürək cərrahı olmaqdır. Buna görə də IV ixtisas qrupunu seçmişəm. Bakalavr təhsil pilləsini Azərbaycan Tibb Universitetində oxumaq barədə düşünürəm. Daha sonra isə təhsilimi xaricdə davam etdirmək istəyirəm. Arzum savadlı bir mütəxəssis kimi ölkəmizə qayıdıb, xalqımıza xidmət etməkdir”.

 

“Bu nəticəyə nail olmaq üçün çox çalışırdım”

 

Lalə Xancanova, Qəbələ şəhər 4 nömrəli  tam orta məktəbin şagirdi: “Mən bu nəticəyə nail olmaq üçün çox çalışdım. Həm özümün, həm  müəllimlərimin, həm də ailəmin əziyyətinin yerdə qalmaması üçün səy göstərdim və istəyimə də nail oldum. Bu xəbər sadəcə mənim üçün yox,  mənimlə birgə bu yolda addımlayan müəllimlərim üçün də çox sevindirici oldu. Buna görə də mənə dərs deyən hər bir müəllimimə sonsuz təşəkkürlərimi bildirirəm. Mənim arzum qarşıdan gələn blok imtahanında da yüksək nəticə göstərərək hüquq fakültəsinə daxil olmaqdır”.

 

“Qarşıdakı blok imtahanına daha məsuliyyətlə hazırlaşıram”

 

Səidə Rəhimova, Qəbələ rayonu Nohurqışlaq kənd tam orta məktəbin şagirdi: “Buraxılış imtahanında maksimum nəticə göstərməyi qarşıma məqsəd qoymuşdum. Bunun üçün müəllimlərin verdiyi tapşırıqları vaxtında yerinə yetirməyə çalışırdım. Dərs oxuyarkən vaxtı doğru bölmək mənə çox kömək etdi. Mənim riyaziyyat, kimya fənlərinə marağım daha böyükdür. Gələcəkdə həkim olmaq istəyirəm. Bu məqsədimə də çatmaq üçün qarşıdakı blok imtahanına daha məsuliyyətlə hazırlaşıram”.

 

“Kompüter texnologiyaları ilə bağlı sahədə çalışmaq istəyirəm”

 

Amalya Əliyeva, Şəki şəhər Fizika-riyaziyyat və humanitar təmayüllü liseyin şagirdi: “Buraxılış imtahanında qazandığım yüksək nəticəni dərslərimdə mütəmadi olaraq çalışaraq əldə etmişəm. Hazırlıq prosesində istirahətimə də xüsusi vaxt ayırırdım. Texniki fənlərə, riyaziyyat və fizikaya xüsusi marağım var. Gələcəkdə kompüter texnologiyaları ilə bağlı sahədə çalışmaq istəyirəm. Bu sahə mənim xüsusi marağımı çəkir”.

 

“Hədəfim 700 balla ADA Universitetinə daxil olmaqdır”

 

Zərifə İlyasova, Şəki şəhər 18 nömrəli tam orta məktəbin şagirdi: “Təhsildə uğur qazanmaq üçün zəhmət çəkməlisən, davamlı şəkildə biliklərini artırmağa çalışmalısan. Buraxılış imtahanında 300 bal topladım. Növbəti hədəfim isə iyunda keçiriləcək blok imtahanında 400 bal toplamaq və ümumilikdə 700 balla ADA Universitetinə “Riyaziyyat” ixtisası üzrə daxil olmaqdır. Gələcəkdə big data və data analitiki olaraq fəaliyyətimi davam etdirmək istəyirəm. Ən çox sevdiyim fənn isə riyaziyyatdır. Öyrəndiyim bilikləri öz yaşıdlarım ilə bölüşmək, paylaşmaq üçün şəxsi “YouTube” kanalı da yaratmışam”.

 

“Doğma müəllimlərimə, valideynlərimə minnətdaram”

 

Fatimə Teymurlu, Şəki şəhər 5 nömrəli tam orta məktəbin şagirdi: “Buraxılış imtahanında yüksək nəticə əldə etdiyimə görə çox xoşbəxtəm. Bu nəticəni əldə etmək üçün gecə-gündüz çalışırdım. Gələcəkdə tibb sahəsində çalışmaq, həkim olmaq istəyirəm. Arzum insanlara, xalqımıza tibbi xidmət göstərmək, onların sağlamlığı keşiyində durmaqdır. Bundan sonrakı blok imtahanında da yüksək nəticə əldə etmək üçün səylə çalışıram. Bu yolda mənə dəstək olan məktəb kollektivinə, doğma müəllimlərimə, həmçinin valideynlərimə təşəkkürümü bildirirəm”.

 

“Gələcək karyeramı İT sahəsində qurmaq istəyirəm”

 

Humay Harunova, Qax şəhər 4 nömrəli tam orta məktəbin şagirdi: “Bu il keçirilən buraxılış imtahanında maksimum balı toplayan 53 nəfərin içərisindəyəm. Bunun üçün özümü həm xoşbəxt, həm də qürurlu hiss edirəm. Bu uğura imza atmağımın ən böyük səbəblərindən biri, təbii ki, dərslərimə məsuliyyətlə yanaşmağım oldu. Gələcək karyeramı İT sahəsində qurmaq istədiyim üçün, həm ölkəmizdə, həm də xaricdə bu sahədə keyfiyyətli təhsil alaraq bir mütəxəssis kimi yetişmək istəyirəm. Bu müddət ərzində məni daim cəsarətləndirən müəllimlərimin, ailəmin və dostlarımın dəstəyi üçün onlara çox minnətdaram”.

 

“Hədəfim  NASA-da çalışmaqdır”

 

Ayşən Nəzirova, Qax şəhər Etibar Babayev adına 4 nömrəli tam orta məktəbin şagirdi: “Riyaziyyat, fizika, ingilis dili ilə məşğul olmaqdan zövq alıram. Ona görə gələcək akademik planlarımı da bu yöndə qurmuşam. Gələcəkdə təbiət sahəsində elm adamı olmaq istəyirəm. Hədəfim NASA-da çalışmaqdır. Son illərdə maraq dairəmlə üst-üstə düşən astronomiya və astrofizika olimpiadalarında iştirak edərək final mərhələyə qədər irəlilədim. Keçən il bürünc medal qazanaraq IAAO hazırlıq dərslərində iştirak etmək şansı qazandım. Bu il də ümid edirəm ki, final mərhələnin nəticələri mənim üçün müsbət olacaq.

 

İnsan özünə inanırsa və əmin addımlarla bu yolda irəliləyirsə, nail olmayacağı uğur yoxdur”.

 

Şakir CƏFƏROV