Məktəblər arasında respublika çempionatının proqramına uyğun olaraq şahmat idman növü üzrə Salyan rayon Uşaq-Gənclər İdman Şahmat Məktəbində keçirilən zona yarışına yekun vurulub. Yarışda Astara, Lənkəran, Masallı, Yardımlı, Lerik, Cəlilabad, Biləsuvar, Salyan, Neftçala, Cəbrayıl rayonlarının məktəb komandaları mübarizə aparıb. Yarışın nəticəsi olaraq I yeri Biləsuvar rayonu 1 nömrəli, II yeri Yardımlı rayonu 1 nömrəli, III yeri Neftçala rayonu Xıllı qəsəbə 1 nömrəli tam orta məktəblərin komandaları layiq görülüb.

 

Daha bir zona yarışı atletika idman növü üzrə Gəncə şəhər Mərkəzi Stadionunda keçirilib. Yarışda Gəncə, Şəmkir, Tovuz, Ağstafa, Qazax, Gədəbəy, Goranboy, Göygöl, Samux, Bərdə, Tərtər, Yevlax, Naftalan, Mingəçevir, Ağdam, Xocalı, Daşkəsən rayonlarının məktəb komandaları mübarizə aparıb. Nəticə olaraq I yeri Bərdə rayonu Xanqaraqoyunlu kənd tam orta məktəbin, II yeri Gəncə şəhər İdman LiseyininIII yeri Goranboy rayonu Nadirkənd tam orta məktəbin komandası tutub.

 

Qaliblər diplomlarla təltif olunub.

 

Çempionatın əsasnaməsinə uyğun olaraq zona yarışlarında I və II yeri tutan məktəb komandaları final mərhələsinə vəsiqə qazanıb.

 

Şahmat idman növü üzrə daha bir zona yarışı “Təhsil” RİM-in 3 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat Məktəbində start götürüb. Bakının Sabunçu, Suraxanı, Xəzər, Pirallahı, Xətai, Nizami, Nəsimi, Binəqədi, Nərimanov, Qaradağ, Yasamal, Səbail, Zəngilan rayonlarının məktəb komandalarının qatıldığı yarışlara 11 aprel 2019-cu il tarixində yekun vurulacaq.

 

Məktəblər arasında respublika çempionatı 26 sentyabr 2018-ci il tarixində Təhsil, Gənclər və İdman Nazirlikləri, Milli Olimpiya Komitəsi, Azərbaycan Məktəb İdmanları Federasiyası tərəfindən imzalanmış birgə əmrə əsasən keçirilir.