Bakı Dövlət Universitetinin 100 illik yubileyinə həsr edilmiş ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında futzal üzrə respublika birinciliyinin final mərhələsində mübarizə aparacaq komandalar müəyyən olunub.

 

Azərbaycan Texniki Universitetinin idman kompleksində keçirilən pley-off mərhələsinin oyunlarında Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası Azərbaycan Tibb Universitetinin komandasını, Azərbaycan Dövlət İqtisad Universiteti Gəncə Dövlət Aqrar Universitetinin komandasını məğlub edib. Oyunların nəticəsinə əsasən, Azərbaycan Tibb Universitetinin və Gəncə Dövlət Aqrar Universiteti komandaları III yer, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası və Azərbaycan Dövlət İqtisad Universitetinin komandaları isə I yer uğrunda mübarızə aparacaqlar.

 

Yarışların pley-off mərhələsində ümumilikdə 11 ali və 1 orta ixtisas təhsili müəssisəsinin komandaları olmaqla 12 komanda mübarizə aparıb.

 

Birinciliyə mayın 13-də yekun vurulacaq.

 

Birinciliyin keçirilməsində əsas məqsəd ali və orta ixtisas təhsili müəssisələri tələbələri arasında futzal idman növünün kütləviliyinin təmin edilməsi, beynəlxalq yarışlarda iştirak etmək üçün respublikanın tələbələrdən ibarət yığma komandasına namizədlərin müəyyənləşdirilməsi, ölkənin yeniyetmələrdən, gənclərdən ibarət yığma komandalarına perspektivli tələbə futzalçıların seçilməsinin təmin edilməsi və tələbələr arasında dostluq əlaqələrinin yaradılmasından ibarətdir.

 

Respublika birinciliyi AFFA, Azərbaycan Tələbə Futbol Federasiyasının təşkilatçılığı, Təhsil, Gənclər və İdman nazirlikləri, Futzal Futbol Federasiyasının dəstəyi ilə keçirilir.