“Ən yaxşı təqdimat” müsabiqəsinin mükafatçılarından biri - Aynur Seyidova


Ulu öndər Heydər Əliyevin  zəngin irsi, çoxşaxəli fəaliyyəti haqqında müxtəlif peşə adamları, ziyalılarımız  fəxarətlə danışır, mötəbər kürsülərdə bu əvəzedilməz insan hər zaman ehtiramla anılır.

 

Dahi şəxsiyyətin xalqına, vətəninə duyduğu sevgi , müəllifi olduğu Müstəqil Azərbaycanın inkişafı,  tərəqqisi naminə gördüyü işlər  müasir tariximizin şərəfli səhifələrindən  hesab olunur.

 

Ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdləri arasında keçirilən “Ən yaxşı təqdimat” müsabiqəsi də  məhz məktəblilərin  ulu öndərə olan hörmət və ehtiramlarını  özlərinə məxsus bir tərzdə, ədəbi-bədii dillə ifadə etmələrinə imkan yaradan  ən nüfuzlu tədbirlərdən biridir. Təhsil Nazirliyi, Heydər Əliyev Fondu, Yeni Azərbaycan Partiyası, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən  artıq neçə ildir ki, təşkil olunan müsabiqənin əsas məqsədi  müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin zəngin siyasi irsinin, şərəfli həyat və fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsi işini daha da gücləndirməkdən ibarətdir. Hər il keçirilməsi artıq ənənəyə çevrilən bu müsabiqəyə  paytaxt məktəblərinin şagirdləri ilə yanaşı,  respublikanın bütün bölgələrinin şagirdlərinin də böyük həvəslə qatıldıqlarının şahidi oluruq.

 

Builki “Ən yaxşı təqdimat” müsabiqəsi də növbəti dəfə təhsil tariximizdə  öz möhtəşəmliyi ilə  yadda qaldı. Neçə-neçə məktəblinin həyatında uğurlu bir başlanğıc, dönüş nöqtəsi sayılan bu nüfuzlu yarışın mükafatçılarından biri də  Qusar məktəblisi Aynur Seyidova oldu.

 

 

Fərqli təqdimat etmək, seçilmək... 

 

 

“Çoxlu sayda şagirdin arasından fərqli təqdimat etmək, seçilmək çox çətin bir iş idi”- həmsöhbətim olan Aynur deyir.   Qusar rayonu Sərvər Abdulkərimov adına Balaqusar kənd tam orta məktəbinin X sinfində oxuyan bu yeniyetmə qız  təhsil aldığı müddətdə müxtəlif məktəb və rayon tədbirlərinin iştirakçısı və qalibi olub. 2012-ci ildə Qusar rayonunda təşkil olunmuş şeir və bədii qiraət müsabiqəsində II yerə layiq görülüb. “Ən yaxşı təqdimat” müsabiqəsində iştirak etməyi ona  təhsil aldığı məktəbin direktoru Babacan Zəkiyev məsləhət görüb:  “Bu müsabiqədə iştirak etmək mənim ən böyük arzum idi.  İlk başdan tərəddüd etsəm də direktorumuzun mənə olan etimadından ruhlandım. O, məhz  məndə inam yaratdı ki, yaxşı nəticə əldə edə bilərəm. Müsabiqə elan olunan gündən rayon turunun başa çatmasına qədər səylə çalışırdım. Rayon turunda I yeri tutaraq  respublika mərhələsinə çıxanda artıq özümə inamım artdı”.

 

Müsabiqənin ölkə mərhələsi yaxınlaşdıqca həyəcanının daha da artdığını söyləyən Aynur əvvəlki illərdən fərqli olaraq bu il  vahid mövzu üzərində  deyil,  tələb olunan 12 mövzu üzərində çalışdığını deyir:  “Müsabiqənin şərtləri ilə tanış olanda  gərginlik hissi artıq məni bürümüşdü. Söhbət ümummilli liderdən gedəndə istər-istəməz özündə məsuliyyət hiss edib həyəcanlanırsan. Düşünürdüm, necə edim ki, müsabiqənin tələblərinə uyğun verilən qısa bir vaxt ərzində dahi şəxsiyyət Heydər Əliyevin zəngin fəaliyyəti barədə dolğun bir biliyə malik olduğumu göstərə bilim. İşin digər önəmli tərəfi isə bunu maraqlı formada təqdim etmək idi. Deyəcəyim hər bir fikir fakta söykənməli, nitqimin səlistliyinə diqqət vermək, söylədiklərimin təsir gücünü artırmaq üçün ədəbi-bədii nümunələrdən yerli-yerində düzgün istifadə sonda  məni qalibiyyətə aparan şərtlər idi. Onu da yaxşı anlayırdım ki, nitqin gücü az sözdə çox şeyi ifadə etməkdir”.

 

Müsabiqəyə   olduqca məsuliyyətlə hazırlaşdığını söyləyən həmsöhbətim final mərhələsində “Heydər Əliyevin Azərbaycanda milli təhsil sisteminin formalaşması və inkişafı sahəsində xidmətləri” mövzusunda təqdimatını edəndə həyəcanını dəf etməyi bacarıb. Respublikanın tanınmış alim və mütəxəssislərindən ibarət münsiflər heyətinin qarşısında etdiyi təqdimatı sonda  bəyənilib. Müsabiqənin ölkə mərhələsində uğurla iştirak edərək tərifnamə ilə təltif  edilməsi  Aynuru   çox sevindirib:   “Heydər Əliyevin çoxşaxəli fəaliyyətinə pərəstiş edən bir şagird olaraq deyərdim ki, əvəzolunmaz liderimiz Azərbaycanı bütün dünyada tanıtmağa müvəffəq oldu. Dahi şəxsiyyət, onun həyat və çoxşaxəli fəaliyyəti haqqında fikirlərimi bölüşmək, gördüyü işlərə toxunmaq, əsas məqamları diqqətə çatdırmaq şagird kimi mənə böyük şərəf və qürur hissi verdi. İlk növbədə tədbirin təşkilatçılarına təşəkkür edirəm ki,  şagirdlər üçün belə nüfuzlu müsabiqələr təşkil edir və bizi ictimaiyyətə tanıdırlar. Müsabiqənin mükafatçıları arasında özümü görməkdən olduqca məmnunam. Üzərimdə əməyi keçən hər bir kəsə- başda məktəbimizin direktoru Babacan Zəkiyev olmaqla  Azərbaycan dili və ədəbiyyat müəllimim Məsumə Rəsulovaya və  tarix müəllimim Ceyhun Ağabəyova öz minnətdarlığımı bildirirəm”.

 

 

Hər bir zəhmətin sonu uğurla nəticələnir

 

 

Bu xoş hadisənin sevincini yaşayanlardan biri- Aynurun təhsil aldığı Qusar rayonu Sərvər Abdulkərimov adına Balaqusar kənd tam orta məktəbinin direktoru Babacan Zəkiyev bizimlə söhbət zamanı bildirdi ki, rəhbərlik etdiyi ümumi təhsil müəssisəsi 1934-cü ildən fəaliyyət göstərir. Qəzalı vəziyyətdə olan məktəb 2008-ci ildə Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində yenidən tikilərək müəllim və şagirdlərin ixtiyarına verilib. Həmin məktəbin açılışında ölkə başçısı İlham Əliyev iştirak edib. Burada təhsil alan uşaqlar,  eyni zamanda pedaqoji fəaliyyətlə məşğul olan müəllimlər hər zaman dövlət başçısının diqqət və qayğısını hiss edirlər. Rayonun ümumtəhsil müəssisələri arasında uğurları ilə seçilən məktəb fəaliyyəti dövründən  bu günə qədər respublika miqyasında tanınan məzunları ilə fəxr edir: “Şagirdlərimiz müxtəlif rayon  və zona miqyasında  təhsil,  idman, mədəniyyət sahələrində keçirilən yarış və müsabiqələrin qalibləri olurlar. Məktəbimizin Aynur Seyidovanın timsalında qazandığı nailiyyət isə bunların arasında ən alisi oldu. Düşünürəm ki, bu həm də  birillik direktorluq fəaliyyətimdə mənim üçün ən  gözəl hədiyyədir.  Müsabiqənin hələ rayon mərhələsində  Aynurun potensialına yaxından bələd olduğumdan yer tutacağına əmin idim.  O, öz çalışqanlığı ilə seçilir. Onun istər  məktəb, istərsə də rayon təbirlərində fəallığı bir direktor kimi hər zaman məni sevindirib. Aynurun digər yaşıdlarından fərqli cəhəti də məhz özünə qarşı inamlı, məqsədinə çatmaq üçün olduqca əzmkar olmasıdır. Onu yaxından tanıdığımdan “Ən yaxşı təqdimat”  müsabiqəsində özünü sınamağı məsləhət gördüm.

 

İxtisasca Azərbaycan dili və ədəbiyyat müəllimi olduğum üçün müsabiqəyə hazırlıq dövründə  onu bir neçə dəfə dinləmişəm və müəyyən məsələlərin üzərində birlikdə çalışmışıq.  İnanırdım ki, müsbət nəticəyə nail olacağıq. Və nəhayət final mərhələsində ölkə üzrə mükafatlandırılan şagirdlər arasında Aynur Seyidovanın da adı qeyd olunanda sevincimizin hədd-hüdudu yox idi. Bir daha əmin olduq ki,  hər bir zəhmətin sonu uğurla nəticələnir”.

 

Bəli, Aynur Seyidova “Ən yaxşı təqdimat” müsabiqəsinin  seçilənlərindən  biri oldu. Təhsil nazirinin imzası ilə tərifnaməyə layiq görülən  bu yeniyetmə qız böyüyüb boya-başa çatdığı doğma rayonuna, eyni zamanda Balaqusar kəndinə bir başucalığı, sevinc gətirdi.

 

 

Samirə  KƏRİMOVA