İspaniyalı məktəblilər sosial şəbəkələrdə məşhurların səhvlərini axtarır


İspaniyanın 14 yaşlı məktəbliləri hesab edirlər ki, ispan məşhurlarının  qrammatika qaydalarını öyrənmək vaxtıdır. Şagirdlər sosial şəbəkələrdə məşhurların buraxdıqları  səhvləri tapmaq  üçün hərəkətə keçiblər. Özlərini "Orta təhsil xəfiyyələri" adlandıran şagirdlərin hədəfində siyasətçilər, aktyorlar, idmançılar və hətta yazıçılar da var.  Şagirdlər məşhurların sosial şəbəkələrdə buraxdıqları səhvləri tapır və  bu barədə onlara  məlumat ünvanlayırlar.


Ölkənin kiçik Berlanqa bələdiyyəsində qrammatika qaydalarını kobudcasına pozanları aşkar etmək üçün  məktəblilər abunəçilərinin sayı 9 mini keçən "İnstagrame" və "Tvittere"də  hesab yaradıblar.

 

"Qrammatika patrulu"na uşaqları coğrafiya müəllimi Alexandro Qalan ruhlandırıb. O ümid edir ki, bəzi məktəblilərin çox vaxt ayırdığı  sosial şəbəkələrin köməyi ilə onlar orfoqrafiya və durğu qaydalarını daha yaxşı yadda saxlamağa müvəffəq olacaqlar. "Sosial şəbəkələrdə səhvləri tapmaq məktəbdə əldə olunan bilikləri inkişaf etdirmək üçün daha əyləncəli üsuldur", - deyə A.Qalan "Euronews"ə bildirib. Müəllimin sözlərinə görə, o, bu ideyanı Braziliyadakı yerli məktəblərdən birində mənimsəyib, ingilis dilini burada məhz bu yolla öyrədirlər.

 

"Bizə bu işlə məşğul olmaq çox maraqlıdır,  məşhurlardan bəziləri  bizim pərəstişgarlarımızdır", - deyə "xəfiyyələrdən" biri olan Ana Çaves  etiraf edib. Onun sözlərinə görə, yoxlamalar üçün onlar təsdiq edilmiş və 200 mindən çox abunəçisi olan  hesabları seçiblər. "Mən düşünürdüm ki, biz daha az səhv tapacağıq. Bu layihə mənim gözlərimi açdı".

 

Qeyd edək ki, İspaniyanın baş naziri Pedro Sançes, müğənni Rosario Flores kimi bəzi məşhurlar məktəblilərin mesajlarına cavab verir və "qrammatika patrulu" üçün onlara təşəkkür edirlər.

 

Oruc MUSTAFAYEV