“Heyrətamiz və xoş...bizi həqiqi məktəbin, tədrisin və yaradıcılığın nə məna daşıdığı barədə yenidən düşünməyə vadar edir”.

Malala Yusufzay,
Nobel mükafatı laureatı


Bu gün təhsil həm klassik maarifçilərin dediyi mənəvi vəzifəni yerinə yetirir, həm də sənaye dövründəki kimi işi bilən mühəndislər yetişdirir, ən başlıcası, bilgi istehsal edir və bu bilgilərlə yeni dövr yaradır. Təhsil sahəsində dünyada çap olunmuş maraqlı kitabların tərcüməsi və çapı müəllimlər, təhsil mütəxəssisləri və geniş oxucu kütləsi üçün olduqca vacibdir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin sifarişi ilə çap olunmuş Ken Robinsonun “Yaradıcı məktəblər” kitabı son dövrlər təhsil sahəsində işıq görmüş kitablar içərisində özünəməxsus yer tutur. Ken Robinson insan potensialının inkişafı sahəsində tanınmış mütəxəssislərdən biridir. O, 40 ildir ki, pedaqogikanın problemləri ilə məşğul olur.

 

Bu kitabda Ken Robinson dünyaca məşhur “Məktəblər yaradıcılığı öldürürmü?” adlı TED çıxışının dərinliklərinə enir və ölkələr üçün həyati əhəmiyyətli bir məsələyə münasibətdə inqilabi, praktik həll yollarını təqdim edir. 2006-cı ildə Kaliforniyada keçirilən TED konfransında çıxışının mahiyyəti ondan ibarət olmuşdur ki, hamımız anadangəlmə istedadlarla doğuluruq, lakin çoxumuzda var olmuş hansısa ilkin istedad təhsil aldıqdan sonra zəifləməyə başlayır. O, çıxışında demişdir ki, bir çox parlaq istedadlı insanın özünü istedadsız zənn etməyinin səbəbi odur ki, bacarığı nəinki məktəbdə layiqincə qiymətləndirilməyib, hətta əksinə, müəyyən mənada qınanılmasına, tənqid edilməsinə də əsas olmuşdur. Bunun nəticəsi isə cəmiyyətimizin sağlamlığı üçün də, fərdlərin özü üçün də fəlakətdir.

 

K.Robinsonun çıxışı TED tarixində ən çox izlənilən çıxış olub. Bu çıxışa 300 milyon insan baxıb. O, kitabın “Giriş”ində kütləvi təhsildən müasir təhsilə keçidin fəlsəfəsini açıqlayır. “Kütləvi təhsil nə qədər insana öz şəxsiyyətini tamamlamaq üçün vasitə, yoxsulluqdan və əlverişsiz şəraitdən çıxış yolu olmuşdur. Bu sistemdə uğur qazananların sayı həddindən artıq çoxdur. Digər tərəfdən, sistemdə uğur əldə edənlərin müvəffəqiyyəti uğur əldə etməyənlərə baha başa gəlir. Standart hərəkatı böyüdükcə daha çox şagird uğursuzluğun cəzasını çəkir”. Kitabda təhsilin bütün pillələrinin açar sözü olan “standart hərəkatı” geniş və hərtərəfli tədqiq olunub.

 

Finlandiya təhsil mütəxəssisi, “Fin dərsləri” kitabının müəllifi Pasi Salberqin  kitab haqqında fikri olduqca maraqlıdır: “Bu kitab insan resursları sahəsində yetişməkdə olan qlobal böhrana qarşı bir çağırışdır. Dünya üzrə bir çox məktəblərdə şagirdlər arasında cansıxıcılığın, dərs buraxmanın və məktəbi tərk etmənin artması xroniki hala çevrilib. Təhsil sahəsində yeni bir kurs açılması üçün dəyişikliyin tənqid olunması, onun gələcəyə baxış və nəzəriyyəsində maraqlı olan hər bir şəxs üçün “Yaradıcı məktəblər” kitabı oxunulması mütləq olan bir kitabdır”.

 

Ken Robinson kitabın girişində ondan tez-tez soruşulan sualları təsnifatlandırır: “Təhsilin əsas problemi nədir və bu çətinliklər nə üçün yaranır? Əgər təhsil sistemini yenidən qursaydınız, nə edərdiniz? Məktəblər olardımı? Onların fərqli növləri meydana çıxardımı? Hansı fənlər tədris edilərdi? Məktəbə getmək məcburiyyəti olardımı? Neçə yaşından məktəbə getmək tələb edilərdi? İmtahan keçirərdinizmi? Əgər “Mən təhsildə dəyişiklik etmək istəyirəm”, - deyirsinizsə, bu iş üçün nədən və haradan başlamaq lazımdır?”.

 

Bütün bu suallar Azərbaycan təhsilinin də qarşısında dayanır. Böyük alman filosofu Kanta görə, təhsil nizam-intizam və təlimi ehtiva edir. Robinsonun yuxarıda qoyduğu suallar anlayışların əhatə dairəsini genişləndirir.  Əvvəllər tez-tez bir-biri ilə qarışdırılan “öyrənmə, “təhsil”, “təlim” və “məktəb” anlayışlarının təyinatını verir.

 

Antik filosof Aristotelin “Metafizika” əsəri bu cümlə ilə başlayır: “Bütün insanlar təbiət etibarı ilə öyrənməyə can atırlar”. Bu fikrin üstündən minilliklər keçməsinə baxmayaraq, hələ də aktualdır. “Yaradıcı məktəblər”i oxuduqda bəlli olur ki, paradiqma dəyişməyib.

 

Öyrənmə yeni bilik və bacarıqların qazanılması prosesidir. İnsanlar öyrənməyə marağı olan canlı orqanizmlərdir. Balaca körpələrin dünyaya göz açdıqları andan güclü öyrənmək “iştahı” olur. Amma bu maraq məktəbə getdikcə əksəriyyəti üçün sönməyə başlayır. Bu səbəbdən də, demək olar ki, təhsili kökündən dəyişməyin açarı, ilk növbədə, o “iştaha”nı sağ saxlamaqdır.

 

Təhsil mütəşəkkil öyrənmə proqramlarıdır. Formal təhsil gənclərin öz öhdəsinə buraxılarsa, onların öyrənməyəcəyi, amma bilməli, qavramalı və bacarmalı olduğu məsələləri öyrətməkdir. Həmin mövzular hansılardır və şagirdlərə öyrənməyə kömək etmək üçün təhsil necə təşkil olunmalıdır. Bax, əsas məsələ bunu bilməkdir.

 

Təlim xüsusi bacarıqları öyrətməyə hədəflənən təhsil formasıdır. K.Robinson yazır: “Yaxşı xatırlayıram, şagird olduğum zamanlarda təhsil və təlim arasındakı fərqi müəyyənləşdirməyin necə çətin olduğu barədə ciddi müzakirələr aparılırdı”. Müəllif haqlıdır, bu müzakirələr indi də davam edir.

 

Məktəb dedikdə, mən, sadəcə, uşaqlar və yeniyetmələr üçün istifadə etdiyimiz ənənəvi müəssisələri deyil, birlikdə öyrənməyə gələn insanların birliyini nəzərdə tuturam. Uşaqlar ibtidai məktəbdə oxu, yazı və riyaziyyat kimi təməl bacarıqları öyrənməyə gedir. Bu bacarıqlar orta məktəbdə ikən onlarda akademik göstəricilərin yaxşı formalaşması üçün çox vacibdir. Əgər sonradan yaxşı dərəcə ilə universitetdə təhslil ala bilsələr, deməli, yaxşı maaşı olan iş də tapacaqlar. Beləliklə, bu, ölkənin çiçəklənməsinə kömək edəcək.

 

Əslində, anlayışların belə sadə və tutumlu formada verilməsi həm də geniş oxucu kütləsinin kitaba marağını artırır. 

 

Kitabın birinci fəsli “Təməldən başlayaq” adlanır. Bu fəsildə müəllif  çox mühüm bir məsələni - standartlar hərəkatının qlobal xarakterini təhlil edir. Və haqlı olaraq Şagirdlərin Qiymətləndirilməsi üzrə Beynəlxalq Proqramı (PISA) standartlar hərəkatını sürətləndirən faktor kimi dəyərləndirir. Və ilk dəfə olaraq PISA-nın siyasi təsirindən danışır: “PISA-nın siyasi təsiri güclənib. 2001-ci ildə nəticələr Avropa mətbuatında az işıqlandırılsa da, 2013-cü ildə artıq müxtəlif ölkələrdə xəbər başlığına çevrilmişdi. Və cəmiyyətə vəlvələ salmışdı”. Ken Robinson bu fəsildə ABŞ təhsil katibi Arne Dunkanın bu məsələ ilə bağlı fikrini işıqlandırmaqla bəzi mətləblərə işıq salıb: “ABŞ-ın 2012-ci ildəki ümumi PISA nəticələrinin izahı çox sadə və sərtdir: bu, təhsildəki mövcud durğunluğun mənzərəsidir. Bu nəticələr özündənrazılıq yuxusundan oyanmaq və aşağı gözləntiləri olan təhsildən qopmaq üçün çağırış rolunu oynamalıdır. ... Nə qədər ki, yerimizdə sayırıq, buna sərf etdiyimiz zaman ərzində digər yüksək göstəricili ölkələr bizi geridə qoymaqda davam edəcəklər”.

 

Bilirik ki, ABŞ Nobel mükafatları üzrə dünyanın lider dövlətidir. Lakin ölkə 15 yaşlı uşaqların göstəricilərindən narahatdır. Bunun çözülməsi üçün Robinson iqtisadi, mədəni, sosial və şəxsi səbəbləri təhlil edir. Hamının təkrar edəcəyi “mantra”nı müəyyənləşdirir. “Standartları yüksəltmək üçün təməllərdən başlayaq!”.

 

Sualı isə belə qoyur: “Bəs məktəblər hansı təməllərdən başlamalıdır?”

 

Robinson bunu islahat hərəkatı ilə bağlayır: “İslahat hərəkatının 4 prioriteti var: “üç R, akademik standartları yüksəltmək, STEM fənləri və universitetə getmək”.

 

“Təhsil haqqında” Azərbaycan Respublikası Qanununda kurikulum anlayışı belə ifadə olunur. Təhsil proqramı (kurikulum) dövlət təhsil standartlarına uyğun ayrı-ayrı təhsil pillələri və səviyyələri üzrə təhsilin məzmununu və mənimsənilmə qaydalarını müəyyən edir. “Yaradıcı məktəblər” kitabından: “Formal təhsil üç əsas elementdən ibarətdir: kurikulum, tədris və qiymətləndirmə. Əsas strategiya onları mümkün qədər tez standartlaşdırmaqdır”. Göründüyü kimi, standartlaşdırmanın tətbiqi tamamilə fərqli xarakter daşıyır. Kitabda həmçinin əksər milli kurikulumlardakı oxşarlıqlar önə çəkilir: “Oxu, yazı, riyaziyyat indi də STEM fənlər arasında zirvədə durur. Sonra humanitar fənlər gəlir-tarix, coğrafiya və ictimai fənlər...

 

Tədrisə gəldikdə isə standartlar hərəkatı faktlara əsaslanan məlumat və bacarığın birbaşa və bütün sinfə eyni vaxtda tədris olunmasını qrup şəklində işdən daha vacib hesab edir.

 

Qiymətləndirmədə isə standartlar hərəkatı rəsmi yazılı imtahanlara və çox seçimli cavabı olan testlərə üstünlük verir ki, şagirdlərin cavabı asanlıqla yoxlanıla bilsin”. Formal təhsilin bu 3 elementi müəllimlər üçün maraq kəsb edə bilər. Hər bir ölkənin məktəblərində keçirilən imtahanların nəticələri mütləq təhlil olunur. İmtahanların məqsədləri cəmiyyətə çatdırılır. “Yaradıcı məktəblər” kitabında bu məsələdən də söhbət açılır: “İmtahanların əsas məqsədlərindən biri şagirdlər, müəllimlər və məktəblər arasında rəqabəti artıraraq standartların yüksəldilməsinə çalışmaq və bunun belə olacağını güman etməkdir. Bu yeni mühitdə şagirdlər bir-birləri ilə yarışır. Müəllimlər öz tələbələrinin nəticələri əsasında qiymətləndirilir, məktəblər və təhsil dairələri isə resurslar qazanmaq uğrunda bir-birləri ilə rəqabətə girir”. Bu maraqlı nüans onu göstərir ki, imtahanların effektivliyi 3 elementin-kurikulum, tədris və qiymətləndirmənin vəhdətindən keçir. 

 

Qərb təhsil mütəxəssislərindən biri tədris planını “sehirli bağça” adlandırır. Əslində, fənlərin dərindən mənimsənilməsi bağçanın sehrini şagirdə göstərir.  Kitabın “Metaforaları dəyişək” fəslində müəllif təhsilin canlı sistem olduğunu vurğulayır və insanların müəyyən şəraitdə inkişaf etdiyini önə çəkməklə 4 prinsipin tətbiq olunmasını təklif edir: Sağlamlıq, Ekologiya, Ədalətlilik və Qayğı. “Ən yaxşı məktəblər həmişə bu prinsiplərə əsaslanıb. Əgər bu prinsip bütün məktəblərdə tətbiq edilsəydi, ehtiyacımız olan inqilab bizi çoxdan doğru yola çıxarmışdı”. Metaforanın dəyişməsi yeni paradiqmaları canlandırır, onların praktikasını gücləndirir.

 

 “Kurikulum nə üçün lazımdır?”

 

Ölkəmizdə 2009-cu ildən orta məktəblərdə yeni kurikulumların tətbiqi təhsilin fəlsəfəsini dəyişdi. “Yaradıcı məktəblər” kitabında kurikulumun sinergetik təhlili maraq kəsb etməyə bilməz. Ken Robinson yazır: “Kurikulum şagirdlərin bilməli, başa düşməli və bacarmalı olduqlarının ümumi planıdır. Hamıya aydın olan məqsəd şagirdlərin nə öyrənməli olduğuna dair xəritənin tərtib edilməsidir. Lakin kurikulumun başqa məqsədi də var. Məktəblər resurslardan necə istifadə edəcəklərini və hər kəsin vaxtını, yerini necə planlaşdıracağını müəyyənləşdirmək üçün kurikuluma ehtiyac duyur”.

 

Və şagirdlərə yardım etmək niyyətində olan məktəblərin təmin etməli olduğu 8 başlıca məqsəd ortaya qoyulur.

 

Maraq hissi - Sual vermək və dünyanın necə olduğunu araşdırmaq bacarığı;

 

Yaradıcılıq - Yeni ideyalar yaratmaq və onları praktikada tətbiq etmək bacarığı;

 

Tənqidi düşüncə - Məlumat və fikirləri təhlil etmək, əsaslandırılmış arqumentlər və mühakimələr yürütmək bacarığı;

 

Ünsiyyət - Fikir və duyğuları müxtəlif vasitə və formalarla aydın və özündən əmin şəkildə ifadə etmək bacarığı;

 

Əməkdaşlıq - Başqaları ilə konstruktiv iş bacarığı;

 

Təəssübkeşlik - Özünü başqalarının yerinə qoymaq və buna müvafiq davranış bacarığı;

 

Özünəhakimlik - Daxili duyğular aləmimizə nüfuz edə bilmək, şəxsi müvazinət və tarazlıq hissi formalaşdırmaq bacarığı;

 

Vətəndaşlıq - Cəmiyyətlə konstruktiv bağ qurmaq və bu bağın mövcudluğunu təmin edən proseslərdə iştirak etmək bacarığı.

 

Bütün bu məqsədlər əsl vətəndaş yetişdirmək niyyətini gerçəkləşdirmək istəyən təhsil sistemləri üçün etalon rolunu oynaya bilər. Bizim orta təhsil sisteminin də əsas məqsədi bundan ibarətdir. Kitabın “Öyrətmək sənəti” fəslində maraqlı bir fikir məni çəkdi: “Yaxşı məktəbləri yaxşı müəllimlər yaradır”. Bunun üçün məqsədlər də müəyyənləşdirilib:  İlham vermək, özünə əminlik, yaradıcılıq.

 

Düşünürəm ki, müəllimlərin işə qəbulu üzrə keçirilən imtahanların da əsas məqsədi bundan ibarətdir. Bu imtahanlar “Yaradıcı məktəblər” kitabının çap olunmasından xeyli əvvəl başlayıb.

 

Və kitabın 8-ci fəsli “Məktəb direktorları üçün prinsiplər” adlanır: “Məktəblərdə əvəzsiz olan direktorlar işlərinin əsas etibarilə test nəticələrini yaxşılaşdırmaqdan deyil, bir sıra ortaq məqsədləri bölüşməli olan şagirdlər, müəllimlər, valideynlər və işçi heyəti arasında birlik yaratmaqdan ibarət olduğunu bilirlər”.

 

Bu vəsait yeni seçilmiş müəllimlər və direktorlar üçün də olduqca faydalı ola bilər.

 

Kitab köməyimiz olsun...

 

 

 

Etibar ƏLİYEV,

XXI Əsr Təhsil Mərkəzi İctimai Birliyinin sədri, Fəlsəfə doktoru