Bakı Mühəndislik Universitetinin (BMU) rektoru, professor Havar Məmmədov “Biznes təlimləri” proqramı çərçivəsində universitetdə təlimlər keçən PL Concultancy beynəlxalq şirkətinin qurucusu Marco Emadi və avstraliyalı təlimçi Peter Sewell ilə görüşüb.

  

Rektor qonaqlara universitetin fəaliyyət istiqamətləri, tədris olunan ixtisaslar, burada yaradılan müasir standartlara uyğun maddi-texniki baza haqqında ətraflı məlumat verib.

  

Marco Emadi öz növbəsində, təmsil etdiyi qurumun fəaliyyətindən bəhs edib və şirkətin ilk dəfə Hollandiyada yarandığını, əsas məqsədin beynəlxalq səviyyədə təlim vermək olduğunu bildirib.  

  

BMU-da keçirilən 2 günlük və biznesyönümlü “Building High Performance Teams”, “The influence of Worldviews”, “Emotional Intelligence for Leadership” adlı təlimlər tələbələrin liderlik qabiliyyətlərinin artırılmasına, öz bacarıqlarının inkişaf etdirilməsinə yönəlib. Təlimlər ingilis dilində və müzakirələr şəklində aparılır, eyni zamanda interaktiv yarışlar da keçirilir.

 

Qeyd edək ki, təlimlər BMU-nun Beynəlxalq əlaqələr və layihələrin idarə olunması şöbəsinin təşkilatçılığı, həmçinin PLConsultancy beynəlxalq şirkəti və Multikulturalizm Klubunun dəstəyi ilə keçirilir.