6 iyul 2024-cü il tarixində Bakıdan yola çıxan “Səyyar Gənclər Xidməti” avtobusunun Ağdaş və Göyçaydan sonra növbəti dayanacağı Bərdə rayonu olub.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyi məlumat yayıb.
 
Bərdə rayonunda fəaliyyət göstərən Bərdə Dövlət Peşə Təhsil Mərkəzində baş tutan açılış mərasimində ilk olaraq Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Qədir Xəlilov çıxış edərək bildirib ki, gənclərin bilik və bacarıqlarının artırılması, onların karyera quruculuğuna dəstək və sağlam həyat tərzinin təbliği dövlət siyasətinin vacib istiqamətlərindən biridir.
 
Daha sonra, Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov peşə təhsilinin gənclərin əmək bazarına uğurla inteqrasiya olunması və ölkənin iqtisadi inkişafında mühüm rol oynadığını qeyd edib. Direktor çıxışında bu layihənin gənclərə müxtəlif sahələrdə yeni bacarıqlar və biliklər qazandırmaq üçün yaxşı bir platforma olduğunu bildirib.
 
Tədbirdə Bərdə Dövlət Peşə Təhsil Mərkəzinin ixtisasları, tələbələrinin əl işlərindən ibarət sərgi nümayiş etdirilib və mərkəzdə yaradılmış şərait, maddi-texniki baza, tədris olunan ixtisaslar haqqında gənclərə ətraflı məlumat verilib. Həmçinin, tədbirə The Ritz-Carlton, Baku JW Marriott Absheron Hotel kimi işəgötürənlər də cəlb edilib və qənnadıçı-şirniyyatçı  ixtisası üzrə uğurlu məzun tərəfindən master klas nümayiş etdirilib.
 
Qeyd edək ki, Peşə Təhsili üzrə Dövlət Agentliyinin tərəfdaşı olduğu “2024-cü il Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunan “Səyyar Gənclər Xidməti” layihəsində regionlarda yerləşən peşə təhsili müəssisələri təmsil olunur və peşə təhsili müəssisələrində olan ixtisaslarla bağlı gənclərə məlumat verilir və karyera məsləhəti xidməti göstərirlər.
 
Azərbaycan Respublikasının Gənclər Fondu, Gənclərin İnkişaf və Karyera Mərkəzi və “Gənc Könüllülər” İctimai Birliyi tərəfindən həyata keçirilən “Səyyar Gənclər Xidməti” layihəsi çərçivəsində cari ilin iyul-oktyabr aylarında hər həftə 5 gün olmaqla, 10 şəhər və rayonda, eləcə də Naxçıvan Muxtar Respublikasında 5000-ə qədər gənc əhatə edilərək xidmət göstərilməsi nəzərdə tutulur. Regionlara səfər zamanı, ucqar kənd gənclərinə “iqlim dəyişikliyi və ekologiya”,“peşə seçimi və karyera”, “sağlam və təhlükəsiz həyat”, “zərərli vərdişlərə yox deyək”,  robotexnika, STEAM, rəqamsal alətlərdən istifadə, intellektual və həvəskar idman yarışları istiqamətlərində təlimlər, sessiyalar və tədbirlər təşkil edilir.