Bakı Dövlət Universitetində (BDU) Elmi Şuranın növbəti iclası keçirilib.

 

BDU-nun rektoru Elçin Babayev universitetin 100 illiyi münasibətilə keçirilən silsilə tədbirlər və son hazırlıq işləri barədə məlumat verib. Yubileyin UNESCO-nun Parisdəki Baş qərargahında, Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində, eyni zamanda, bu ali təhsil ocağının Qazax filialında, Mingəçevir Dövlət Universitetində, Sumqayıt Dövlət Universitetində, Lənkəran Dövlət Universitetində, Azərbaycan Dövlət Pedaqoji Universitetində, Bakı Mühəndislik Universitetində, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində, M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında, o cümlədən digər elm və təhsil mərkəzlərində qeyd edildiyini diqqətə çatdırıb.

 

Rektor, eyni zamanda, yubiley münasibətilə hazırlanmış kitablar haqqında danışıb, 100 illiklə bağlı elan edilmiş yaradıcılıq müsabiqələrinə yekun vurulduğunu, yaxın günlərdə qaliblərin elan ediləcəyini bildirib.

 

İclasda yubiley münasibətilə universitetin bütün əməkdaşlarının hər birinə 500 manat miqdarında mükafat verilməsi, rektor yanında ağsaqqal müəllimlərdən ibarət Məsləhət Şurası üzvlərinin universitetdə “Kitab evi”nin yaradılması barədə verdikləri təklif,  Bakı Dövlət Universiteti və BDU Həmkarlar İttifaqı Komitəsi arasında imzalanmış Kollektiv müqavilənin təsdiqi barədə müzakirələr aparılıb və müvafiq qərarlar qəbul edilib.