Bakı Ali Neft Məktəbinin (BANM) və BP şirkətinin birgə təşkilatçılığı ilə reallaşdırılan “Mühəndislər üçün biznes təhsili” layihəsinin növbəti kursu başa çatıb və ali məktəbdə bu münasibətlə tədbir keçirilib.

 

BANM-nin rektoru Elmar Qasımov bildirib ki, 2 ay davam edən bu layihədə əsas məqsəd mühəndislik ixtisası üzrə təhsil alan tələbələrin liderlik, idarəetmə bacarıqlarının inkişaf etdirilməsi və karyera imkanlarının artırılmasına yardım etmək olub.  

 

“İngilis dilində həyata keçirilən layihə təhsil müddətində mühəndislik üzrə yüksək səviyyəli bilik və bacarıqlara yiyələnmiş tələbələrə, həm də menecment və biznes sahəsində geniş bilgilər verib. Əsas məqsəd gənc mühəndislərə ümumi biznes bilikləri, baza prinsipləri, liderlik keyfiyyətləri, layihələrin idarəedilməsi, biznes səriştəsi və bir sıra digər istiqamətlərdə modullar keçirilərək savadlı, intellektual kadrlar yetişdirməkdir” - deyə rektor əlavə edib.

 

“BP-AGT”-nin KİV və Əlaqələr üzrə meneceri Tamam Bayatlı bildirib ki, Azərbaycanda fəaliyyət göstərdiyi 27 il ərzində BP şirkəti sosial layihələrə sərmayə yatırıb:“Bu layihələr arasında təhsil proqramları üstünlük təşkil edir. Ali məktəblərlə əməkdaşlıq çərçivəsində Bakı Ali Neft Məktəbi ilə bir neçə uğurlu layihələr həyata keçirilib ki, bunlardan biri də “Mühəndislər üçün biznes təhsili” layihəsidir”.  

 

Azərbaycan-Fransız Universitetinin direktoru Vazeh Əsgərov, Bakı Mühəndislik Universitetinin prorektoru Bayram Hüseynzadə də çıxışlarında layihənin tələbələr üçün əhəmiyyətindən danışıblar.

 

Sonda təlimləri uğurla başa vurmuş iştirakçılara Bakı Ali Neft Məktəbi və BP-nin birgə sertifikatları təqdim edilib.