AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsi ilə AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Elmi Şurasının birgə iclası keçirilib.

 

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru, AMEA-nın vitse-prezidenti İradə Hüseynova cari ildə  Prezidentin, Nazirlər Kabinetinin qərar və sərəncamlarının, Dövlət Proqramlarının icrası ilə əlaqədar institutda yerinə yetirilən işlər haqqında  məlumat verib.

 

O qeyd edib ki, institutda 5 mövzunun yerinə yetirilməsi məqsədilə 24 işin 30 mərhələsi üzrə tədqiqatlar davam etdirilib.

 

İnstitutun beynəlxalq əlaqələri də  xeyli genişlənıb və cari ildə İtaliya Milli Tədqiqat Şurasının (CNR) Davamlı Bitki Mühafizəsi İnstitutu, Belarus Milli Elmlər Akademiyasının Genetika və Sitologiya İnstitutu, Koreya Pusan Milli Universiteti və Rusiya Elmlər Akademiyası Puşino Bioloji Tədqiqatlar Elmi Mərkəzi ilə müqavilələr imzalanıb.

 

İnstitutun 16 əməkdaşı 14 xarici ölkədə (İtaliya, Avstriya, Almaniya, Fransa, Cənubi Koreya, Rusiya, Slovakiya, Gürcüstan, İran və s.) elmi ezamiyyədə olub.  Əməkdaşlar Azərbaycanda və xarici ölkələrdə keçirilən elmi konfranslarda da fəal iştirak edib.

 

Son illərdə yüksək nüfuzlu, impakt-faktorlu jurnallarda çap olunan məqalələrin sayı artıb.  İnstitutda gənc elmi kadrların hazırlanmasına xüsusi diqqət yetirildiyi, doktorant və dissertantlar üçün hər cür şərait yaradıldığı, elmi- tədqiqatların müasir avadanlıqlarla təchiz olunmuş laboratoriyalarda aparıldığı da diqqətə çatdırılıb.