Azərbaycan Texniki Universiteti (AzTU) Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatı ilə birgə hakim partiyanın  yaradılmasının 27-ci ildönümü münasibətilə tədbir keçirib.

 

AzTU-nun rektoru, YAP rəyasət heyətinin üzvü Vilayət Vəliyev partiya üzvlərini əlamətdar hadisə münasibətilə təbrik edib, təşkilatın yaranma tarixi barədə danışıb.

 

Hazırda  partiya üzvlərinin 40 faizini gənclərin təşkil etdiyini deyən rektor bildirib ki, bu gün ölkədə aparılan siyasətin  başlıca hədəfi gənclərin həyatda öz layiqli yerlərini tutmasıdır:” Bunun da ən vacib istiqaməti təhsildir. Müharibə şəraitində olan ölkənin gənclərində vətənpərvərlik ruhu ilə yanaşı, elm və təhsilin inkişafına da xüsusi diqqət göstərilməlidir”.

 

YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov partiyanın yaranma səbəbləri və həmin dövrün ictimai-siyasi vəziyyəti barədə məlumat verib:” Azərbaycan 1990-cı illərin əvvəllərində çox çətin vəziyyətdə idi. Belə bir vəziyyətdə Ulu Öndərin rəhbərliyi altında Yeni Azərbaycan Partiyasının yaranması və onun yenidən hakimiyyətə qayıdışı Azərbaycanı məhv olmaq təhlükəsindən xilas etdi. Bu gün ümummilli lider Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilməsi YAP-ın sonrakı inkişafını şərtləndirən əsas amil olub”. 

 

Tədbirdə AzTU-nun 26 əməkdaş və tələbəsinin YAP üzvlüyünə qəbulla bağlı müraciətinə baxılıb. Universitetin YAP üzvlüyünə yeni qəbul olan 13 tələbəsinə  partiya vəsiqələri təqdim edilib.