AMEA Botanika İnstitutunun Elmi Şurasının AMEA Biologiya və Tibb Elmləri Bölməsi ilə birgə iclası keçirilib.

 

Botanika  İnstitutunun direktoru, akademik Validə Əlizadə carı ildə institutda görülən işlər, keçirilən tədbirlər barədə danışıb. 

 

İnstitutun beynəlxalq əlaqələrinin genişləndiyini və İtaliyanın Padua şəhərində keçirilən İtaliya Botanika Cəmiyyətinin 114-cü Konqresində İtaliya Botanika Cəmiyyəti ilə Azərbaycan Botaniklər Cəmiyyəti arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalandığını bildirib və  perspektiv planlardan bəhs edib.

 

Akademik  nəşriyyat işi, magistratura təhsili, doktorantura və dissertantura yolu ilə kadr hazırlığı haqqında, 58 nəfərdən ibarət Gənc Alim və Mütəxəssislər Şurasının fəaliyyəti, gənc mütəxəssislərin uğurları, eləcə də institutda həyata keçirilən silsilə tədbirlər, maarifləndirici seminarların təşkili,  habelə xarici ölkələrə faydalı elmi səfərlər və s.haqqında  məlumat təqdim edib.

 

Qeyd olunub ki, institut üzrə dərc edilən elmi əsərlərin ümumi sayı 85-dir.  Onların 3-nün kitab,  48 məqalə (32 xaricdə) və 33 tezisdən (24 xaricdə) ibarət olduğu, nüfuzlu elmi dərgilərdə işıq üzü görən 11 məqalədən 5-Web of Science, 3-Scopus, 3–Copernicus indeksli olması qeyd edilib.

 

Həmçinin cari ildə 2 patent alınıb, ingilis dilində “Bitki və göbələk tədqiqatları” beynəlxalq jurnalının II-III nömrələri nəşr olunub.

 

Sonda V.Əlizadə  institut əməkdaşlarından 3 nəfərin  Elm günü münasibətilə Biologiya və Tibb Elmləri Bölməsinin fəxri fərmanları ilə mükafatlandırıldıqlarını, həmçinin institutun II kurs magistrantı Lalə İsgəndərovanın Magistr-2019 müsabiqəsində I yerə layiq görüldüyünü vurğulayıb.

 

İclas məruzə ətrafında müzakirə ilə davam edib.  Akademik  hesabata dair verilən sualları cavablandırıb.

 

İclasın sədri AMEA–nın vitse-prezidenti, akademik İradə Hüseynova çoxillik tarixə malik Botanika İnstitutunun 2019-cu il üçün hesabatını müsbət qiymətləndirib.