Azərbaycan ilə Rusiya arasında elm sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub


Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə Rusiya Elmlər Akademiyasının həqiqi üzvü Roald Saqdeyev və Yer Fizikası İnstitutunun direktoru, REA-nın müxbir üzvü Sergey Tixotskini qəbul edib.

 

Azərbaycan alimlərinin REA-nın müxtəlif elmi mərkəzləri ilə əlaqələrindən danışan AMEA rəhbəri neft və qaz, geologiya, arxeologiya, coğrafiya, fəlsəfə, kosmik tədqiqatlar və digər sahələrdə səmərəli əməkdaşlığın mövcud olduğunu bildirib. Bu əlaqələrin güclənməsində REA rəhbərliyinin rolunu vurğulayan akademik AMEA-nın Rusiyanın müvafiq elm və təhsil müəssisələri ilə əməkdaşlığın gələcəkdə daha da genişlənməsində maraqlı olduğunu qeyd edib.

 

Görüşdə AMEA və REA arasında elmi əməkdaşlığın perspektivləri müzakirə edilib. Akademik Akif Əlizadə qonaqlara AMEA-nın ayrı-ayrı qurumlarının, o cümlədən Yüksək Texnologiyalar Parkının fəaliyyəti, elmi nəticələrin istehsalatda tədbiqi və elmin kommersiyalaşması sahələrində görülən işlər barədə məlumat verib. AMEA prezidenti, həmçinin, akademiyada geologiya, fizika, informasiya texnologiyaları, geofizika, humanitar və ictimai elmlər sahələrində aparılan tədqiqatlardan, palçıq vullkanları, neft və qaz yataqlarının öyrənilməsi sahəsində görülmüş işlərdən danışıb.

 

Səmimi qəbula görə AMEA rəhbərliyinə minnətdarlığını bildirən akademik Roald Saqdeyev birgə aparılan fundamental və tətbiqi araşdırmaların genişlənməsinin, müasir elmi istiqamətlər üzrə  tədqiqatlara gənc alimlərin cəlb olunmasının, ikitərəfli kadr mübadiləsinin vacibliyini vurğulayıb.

 

Sergey Tixotski öz növbəsində REA-nın müvafiq qurumlarının AMEA ilə sıx əməkdaşlığından məmnunluğunu bildirərək elmi əlaqələrin daha da gücləndirilməsinin zəruri olduğunu qeyd edib.

 

Görüşdə, həmçinin, AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev, AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi, akademik Nazim Məmmədov, REA-nın Yer Fizikası İnstitutunun Geoelektrodinamika laboratoriyasının müdiri, fizika-riyaziyyat üzrə elmlər doktoru Oleq Poxotelov və həmin laboratoriyanın aparıcı elmi işçisi, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Yelena Popova iştirak ediblər.

 

Qeyd edək ki, 2018-ci il üçün "Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı" müsabiqəsinin nəticələrinə əsasən akademik Roald Saqdeyev qeyri-xətti plazma nəzəriyyəsi, idarəolunan termonüvə sintezi və kosmik fizika sahəsində elmi konsepsiyanın işlənilməsinə görə bu mükafata layiq görülüb.