Naxçıvan Dövlət Universiteti tibb fakültəsinin həkim, rezident və tələbələrinin “Sağlam ol” layihəsi çərçivəsində ümumtəhsil məktəblərinin şagirdləri ilə tanışlıq görüşü, praktik təcrübələr və “İlk tibbi yardım” simulyasiyasının təqdimatı keçirilib.

 

Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbdə keçirilən tədbirdə Naxçıvan Şəhər Təhsil Şöbəsinin müdiri Elşən Qəbulov muxtar respublikada təhsilə, elmə göstərilən dövlət qayğısından danışıb. Qeyd edilib ki,  təhsil sistemində aparılan islahatlar, yüksək maddi-texniki baza, ən müasir informasiya-kommunikasiya texnologiyaları ilə zənginləşən məktəblər bunu deməyə əsas verir.

 

Təhsil şöbəsinin müdiri keçirilən tədbiri yüksək qiymətləndirib və şagirdlərin gələcək peşə seçimində bu cür layihələrin əhəmiyyətini vurğulayıb.

 

Tibb fakültəsinin dekanı, dosent Elsevər Əsədov bildirib ki, artıq 20 ildən artıq təcrübəsi olan fakültənin fəaliyyətinə göstərilən dövlət dəstəyinin nəticəsidir ki, bugün tibb fakültəsi üçün ayrıca bina, xəstəxana mövcuddur. Diqqətə çatdırılıb ki, peşəkar tibbi kadrların hazırlığı üçün xarici universitetlərlə geniş əlaqələrə malik universitetin təcrübə mübadiləsi, tələbə və müəllim mobilliyi, beynəlxalq layihələrdə iştirakı diqqət mərkəzindədir. Müasir avadanlıqlarla zəngin fitoterapiya və digər laboratoriyaların qurulması fakültənin tədris imkanlarını artırır. Vurğulanıb ki, tibb fakültəsinin məzunları Naxçıvanda və onun hüdudlarından kənarda – ABŞ, Braziliya, İspaniya, Almaniya, İtaliya, Türkiyə və digər ölkələrdə təhsillərini davam etdirərək muxtar respublika səhiyyəsinin inkişafına öz töhfələrini verirlər.

 

Sonra ümumi təbabət və gigiyena kafedrasının baş müəllimi, həkim-anestezioloq-reanimatoloq Bəxtiyar Hüseynovun rəhbərliyi ilə “İlk tibbi yardım” simulyasiya nömrələrinin təqdimatı olub. İlk tibbi yardım, həkim gələnə qədər xəstəyə kömək göstərmək qaydaları haqqında məlumat verilib. Sonra isə  Müalicə işi ixtisası üzrə III kurs tələbələri  Ülviyyə Məmmədova, Suada Vahabova, Şahmar Abdiyev  slaydlar vasitəsilə “Yuxarı tənəffüs yollarına yad cismin düşməsi zamanı, “Ürək tutması və  zəhərlənmələr zamanı ilk tibbi yardım haqda”  təqdimatlar edib. Tələbələrin həmin məlumatları səhnələşdirmək yolu ilə şagirdlərə əyani şəkildə çatdırmaları tədbiri daha maraqlı və yaddaqalan edib.   

 

Sonda universitetin həkimləri, həkim-rezidentləri, müvafiq ixtisas üzrə yuxarı kurs tələbələri şagirdləri göz, burun-qulaq, ümumi terapiya, kardiologiya üzrə  müayinələr aparıblar.