AMEA-nın Coğrafiya İnstitutunda  Akademiyanın 75 illik yubileyinə həsr edilən elmi-praktiki seminar keçirilib.

 

İnstitutun direktoru, akademik Ramiz Məmmədov  AMEA-nın 75 illik yubileyinə hazırlıq üzrə Coğrafiya İnstitutunun  tədbirlər planının  hazırlandığını bildirib.  Plana əsasən, institutun ictimai təşkilatlarının son 5 ildəki fəaliyyəti haqqında hesabatları,  ən mühüm  nəticələr əldə edən şöbələrin elmi-tədqiqat işlərinə  həsr olunan elmi-praktik seminarların keçirilməsi və  “Coğrafiya və təbii resurslar” elmi-populyar  jurnalının növbəti buraxılışını AMEA-nın 75 illik yubileyinə həsr etmək  nəzərdə tutulub.

 

Direktorun sözlərinə görə,  ümumiyyətlə, institutun son 5 ildəki fəaliyyəti çox uğurlu olub:”Çünki bu hesabat dövründə bir sıra uğurlu  işlərə imza atılıb. “Azərbaycan Respublikasının coğrafiyası” fundamental üçcildlik monoqrafiyası, “Naxçıvan Muxtar Respublikasının coğrafiyası” ikicildliyi və “Türk dünyasının coğrafiyası və etnosu” üçcildliyinin 2 cildi çapdan çıxıb.  İnstitut əməkdaşlarının əməyi dövlət tərəfindən yüksək qiymətləndirilib, alimlər Azərbaycan Respublikasının Dövlət Mükafatına, institut rəhbəri isə  həm də Şöhrət Ordeninə  layiq görülüb”.

 

Görülən dəyərli işlərdən biri də  Xəzər Elmi Şəbəkəsinin yaradılmasıdır ki, burada Xəzər dənizi üzrə yüksək ixtisaslı beynəlxalq mütəxəssislər  bir araya gələrək, dənizin kompleks tədqiqi üzrə proqram hazırlayıb. İqlim dəyişmələri, onların insana və ətraf  mühitə təsiri, landşaft planlaşdırılması, dövlət əhəmiyyətli  rəqəmsal xəritələrin hazırlanması və s.  sahələrdə də  böyük nailiyyətlər əldə edilib. 

 

R.Məmmədov ənənəyə çevrilən səyyar konfrans və görüşlərin keçirilməsi məsələsinə toxunaraq elmi toplantıların məhz Azərbaycanın müxtəlif bölgələrində baş tutmasını da müsbət hal kimi qeyd edib.

 

Sonra institut Həmkarlar Təşkilatının sədri, coğrafiya üzrə fəlsəfə doktoru  Habil Haqverdiyev, Qadınlar Şurasının sədri Luiza Salayeva, Gənc Alim və Mütəxəssislər Şurasının sədri  Samirə Ələkbərova rəhbəri olduqları təşkilatların son 5 ildəki fəaliyyəti haqqında hesabat məruzəsi ilə çıxış ediblər.