Məlum olduğu kimi,  Nazirlər Kabinetinin müvafiq qərarına əsasən martın 3-dən martın 9-dək ölkəmizin bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılıb. Tədris prosesində fasilənin yaranmasına səbəb koronavirus (COVID-19) infeksiyasına yoluxma hallarının qarşısını almaq məqsədilə respublika ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində intensiv tibbi-profilaktik tədbirlərin həyata keçirilməsi və görülən işlərin səmərəliliyinin yüksəldilməsidir. Hazırda ölkəmizdə bu istiqamətdə tədbirlər intensiv xarakter alıb.

 

Bununla əlaqədar olaraq  Bakı Slavyan Universitetində (BSU) Nəsimi Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları tərəfindən tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər aparılıb. Bu tədbirlər  universitetin   I,  II tədris binaları, həmçinin 3 saylı yataqxanasını tam əhatə edib.

        

Ali məktəbdən bildirilib ki, ümumilikdə BSU-da sanitar-epidemioloji vəziyyətin nəzarətdə saxlanılması, tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlərin icrası diqqət mərkəzindədir.