Təhsil və Fövqəladə Hallar nazirliklərinin birgə təşəbbüsi ilə Siyəzən şəhər M.Müşfiq adına 2 nömrəli tam orta məktəbində rayon təhsil şöbəsinin və rayon polis şöbəsinin Dövlət Yol Polisi bölməsinin təşkilatcılığı ilə 25 fevral 2020-ci il tarxində “Yol hərəkətinin təhlükəsizliyi” mövzusunda maarifləndirici tədbir keçirilib.

 

Tədbirdə Siyəzən Rayon Polis Şöbəsinin DYP bölməsinin əməkdaşları, Siyəzən Rayon Təhsil Şöbəsinin nümayəndələri və məktəb rəhbərliyi iştirak edib. Tədbirin əsas məqsədi şagirdləri yol hərəkəti qaydaları haqqında məlumatlandırmaqdan ibarət olub.

 

Siyəzən RTŞ-nin əməkdaşı Xalidşah Qədəşov çıxış edərək təşkil olunan tədbirin əhəmiyyətindən danışıb. Dövlət Yol Polisinin əməkdaşı, polis kapitanı Dilşən Məmmədov şagirdlərə yol hərəkəti qaydalarını izah edib. Bununla yanaşı, piyadalarla bağlı baş vermiş qəzaların statistik göstəriciləri haqqında da məlumat verilib. Daha sonra Siyəzən şəhər 2 nömrəli tam orta məktəbin direktoru Rəşad Rəhmanov çıxış edərək tədbirin təşkilinə görə Siyəzən Rayon Polis Şöbəsi və Siyəzən Rayon Təhsil Şöbəsinin rəhbərliyinə təşəkkürünü bildirib.

 

Şagirdlər məlumatlandırıldıqdan sonra onların iştirakı ilə öyrədilən nəzəri məlumatların praktiki olaraq tətbiqi üçün rollu oyun təşkil olunub. Belə ki, şagirdlərdən bəziləri DYP-nin əməkdaşları rolunda çıxış edərək digər şagirdlərin əvvəlcədən hazırlanmış və şərti  işarələrlə təmin olunmuş piyada keçdikdə düzgün hərəkət qaydalarına nəzarəti həyata keçiriblər.

 

Tədbir Siyəzən şəhər M.Müşfiq adına 2 nömrəli tam orta məktəbin şagirdlərinin əksəriyyəti məktəbə  gedərkən rayon daxilindən keçən mərkəzi yoldakı  piyada keçidlərindən istifadə etdiyi üçün onların təhlükəsizliyinin təminatı baxımından böyük əhəmiyyət kəsb edir. Bu məzmunda tədbirlərin digər məktəblərdə də təşkili nəzərdə tutulub.