AMEA-nın Naxçıvan Bölməsi və Naxçıvan Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə “Sabahın tədqiqatçıları” layihəsi çərçivəsində həyata keçirilən “Naxçıvanın dünya əhəmiyyətli abidələri” adlı layihə başa çatıb.

 

Bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Arxeoloji xidmət şöbəsinin müdiri, dosent Zeynəb Quliyevanın rəhbərliyi altında Naxçıvan Qarnizonu tam orta məktəbinin 10-cu sinif şagirdləri Lamiyə Hacıyeva və Ayişə Əsgərova muxtar respublika ərazisində yerləşən dünya əhəmiyyətli abidələrin rayonlar üzrə sayını və yerini əks etdirən xəritə hazırlayıblar.

 

Naxçıvanda qədim sənət növlərindən olan ağac üzərində yandırma üsulu ilə işlənilən xəritə iki milli-mənəvi dəyərin sintezini-tarixi abidələrimizi və qədim sənət növünü özündə əks etdirib.

 

Bölmədən bildirilib ki, Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun “Naxçıvan Muxtar Respublikası ərazisindəki tarix və mədəniyyət abidələrinin qorunması və pasportlaşdırılması işinin təşkili haqqında” Sərəncamı əsasında 1200-dən çox qeydə alınaraq pasportlaşdırılan abidələrin 57-si dünya əhəmiyyətlidir.