İqtisadiyyat, Əmək və Əhalinin Sosial Müdafiəsi, Təhsil nazirlikləri və “Azərmaş” ASC-nin birgə təşəbbüsü ilə yaşı 65-dən yuxarı tənha vətəndaşlar üçün “Böyüklərimizi qoruyaq!” adlı sosial aksiya həyata keçirilir.

 

Sosial aksiya xüsusi karantin dövründə yaşı 65-dən yuxarı olan tənha vətəndaşlara evdə sosial xidmətlərin daha operativ və səmərəli təşkilinə dəstək məqsədi daşıyır. 

 

Aksiya çərçivəsində Təhsil Nazirliyinin 50-dən çox tələbə-könüllüsü Bakının 12 rayonu və Abşeron ərazisində yaşayan, yaşı 65-dən yuxarı olan tənha vətəndaşlara sosial xidmətin göstərilməsinə könüllü dəstəyi verirlər.

 

Ölkəmizdə koronavirus pandemiyasına qarşı mübarizə tədbirlərinə dəstək çərçivəsində sosial məsuliyyətdən çıxış edən “Azərmaş” ASC-nin təşəbbüsü olan bu aksiya çərçivəsində, sosial xidmətçilərin tənha yaşlıların ünvanlarına çatdırılmaları üçün ödənişsiz taksi xidmətləri təşkil edilir. Bunun üçün müəssisə 100 avtomobil və sürücü ayırıb. 

 

Sosial xidmətçi və könüllülər çağırılan ünvanlara daha tez, rahat getmək və lazımi işləri operativ icra etmək üçün “Azərmaş” ASC tərəfindən təşkil edilən taksi xidmətindən istifadə edirlər.

 

Sosial xidmətçi, könüllü və sürücülər lazımi qoruyucu vasitələrlə təmin olunublar. Xidmətlər yaşlı şəxslərlə təmas olmadan, müəyyən olunmuş məsafə saxlanılmaqla həyata keçirilir. 

 

Xatırladaq ki, yaşı 65-dən yuxarı tənha şəxslər sosial xidmətlərdən yararlanmaq üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 - Çağrı Mərkəzinə zəng vuraraq qeydiyyata alına bilərlər.

 

Operativ komandanın iş rejimi: hər gün (şənbə və bazar günləri istisna olmaqla), saat 10:00 - 16:00.

 

Böyüklərimizi qoruyaq! Əzizlərimizə dəstək olaq!