Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov universitetin iqtisadiyyat və idarəetmə fakultəsinin qrup nümayəndələri ilə görüş keçirib. “Microsoft Teams” platforması üzərindən online formatda keçirilən görüşün əsas məqsədi mövcud şəraitdə tədrisin təşkili məsələlərinin müzakirə edilməsi və tələbələri maraqlandıran sualların cavablandırılmasından ibarət olub.

 

Ş.Bayramov tələbələrə koronavirusla mübarizə istiqamətində dövlətin həyata keçirdiyi sistemli tədbirlər barədə məlumat verib və bu sahədə ölkəmizdə tətbiq olunan modelin beynəlxalq ictimaiyyət tərəfindən nümunəvi hesab edildiyini diqqətə çatdırıb. Rektor tələbələri karantin dövrünün tələblərinə riayət edərək evdə qalmağa və bu istiqamətdə maarifləndirmə işlərinin aparılmasında fəal olmağa dəvət edib.

 

Ş.Bayramov mövcud şəraitdə MDU-da tədris prosesinin “Microsoft Teams” və “ZOOM” platformaları üzərindən, eləcə də “Videodərslər” vasitəsilə həyata keçirildiyi, tələbə və müəllim heyətinin hər üç metodla keçirilən dərslərdə yaxından iştirak etdiyini bildirib. O, distant dərslərdə aktiv tələbələri bu və ya digər səbəbdən dərslərə qoşula bilməyən yoldaşlarına mümkün yardımı göstərməyə çağırıb.

 

Görüşdə çıxış edən tələbələr karantin dövründə MDU-da tədrisin təşkili istiqamətində görülən işlərdən razı qaldıqlarını, online və offline formatda təqdim olunan dərslərdə həvəslə iştirak etdiklərini bildiriblər.

 

Ətraflı müzakirələrin aparıldığı görüşdə Ş.Bayramov tələbələrin sərbəst işlər, kollokviumların keçirilməsi, yekun imtahanlarının təşkili və digər məsələlərə dair çoxsaylı suallarını cavablandırıb.