Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Arxeoloji xidmət şöbəsinin müdiri, dosent Zeynəb Quliyevanın “Naxçıvanın Eneolit dövrü abidələri” adlı monoqrafiyası işıq üzü görüb.

 

Bölmədən bildirilib ki, vəsait Naxçıvan ərazisində 2010-2019-cu illərdə qeydə alınan və tədqiq edilən 20-dən çox Eneolit dövrü abidəsinin arxeoloji materialları əsasında yazılıb.

 

Tədqiqatçı alim Naxçıvanda Eneolit dövrünün kompleks və sistemli şəkildə araşdırılması məqsədi ilə Naxçıvançay vadisində yerləşən yeni abidələrlə yanaşı, Arpaçay vadisində daha əvvəldən məlum olan 5 abidənin materiallarını da tədqiqata cəlb edib. Onların təhlilinə əsasən, Naxçıvanın Eneolit mədəniyyətinin 5 mərhələ üzrə dövrləşdirilməsi aparılıb və Cənubi Qafqaz regionundakı yeri müəyyənləşdirilib.

 

Çap olunan nəşrdə Azərbaycan dili ilə yanaşı,  ingilis və rus dillərində də xülasə əlavə olunub.