Azərbaycanda arı məhsullarının biokimyəvi xüsusiyyətləri və keyfiyyət göstəriciləri sahəsində aparılan elmi araşdırmalarda  bal, vərəmum, çiçək tozcuğu kimi arı məhsullarının tədqiqi sahəsində bir sıra uğurlu nəticələr əldə edən Naxçıvan Dövlət Universitetinin (NDU) müəllimləri arıçılıq məhsullarını tədqiq etməklə yanaşı, müalicə və profilaktika məqsədi ilə istehsalı prosesini də  həyata keçirirlər.

 

NDU-dan bildirilib ki, bu məqsədlə ali təhsil ocağının tibb fakültəsində yaradılan laboratoriya imkanları hesabına, ilk dəfə olaraq müalicə məqsədi ilə istifadəsi tövsiyə edilən bir sıra arıçılıq məhsullarının işlənməsi və çıxarışlarının alınması həyata keçirilib. Laboratoriyada arı vərəmumunun  700-li etil spirtində 10%-li ekstraktı, 700-li etil spirtində 20%-li ekstraktı və zeytun yağında 10%-li ekstraktı hazırlanıb və qablaşdırılıb. Eyni zamanda çiçək tozcuğu (polen) tədaqükü, qurudulması və qablaşdırılması yerinə yetirilib. Bununla yanaşı, laboratoriyalarda vərəmumun bir sıra xəstəliklərdə istifadəsi tövsiyə olunan sulu, yağlı, ballı qarışıqları, mazları, məlhəmləri, şamları və s. hazırlanması üçün işlər davam etdirilir.

 

Muxtar respublikanın florasının çox zəngin olması, endemik və müalicəvi bitkilərin növ müxtəlifliyinin çoxluğu, mövcud arı cinsləri, eyni zamanda fiziki-coğrafi xüsusiyyətlərinin  təsirinin balların keyfiyyətində özünü əks etdirməsi labüddür.

 

Universitetin laboratoriyalarında aparılan polenoloji analizlər əsasında müəyyənləşdirilib ki, əldə olunan bütün ballar fərqli bitki qaynaqlarından (multifloral) əldə olunub və hər hansı bitki qrupunun üstünlüyü bu ballarda müşahidə edilməyib.

 

Laboratoriyalarda arı məhsulları ilə yanaşı, müxtəlif bitkilərin yağları və ekstraktları da əldə olunur. Kəklikotu, sürvə, pişiknanəsi və s. dərman bitkisi növlərindən alınan efir yağları,  ilk dəfə olaraq laboratoriya imkanları hesabına hazırlanır, təcrübi dərslərdə, elmi tədqiqat işlərində istifadə olunur. Bununla yanaşı, müxtəlif dərman bitkilərinin duru və quru ekstraktları, şamlar, məlhəmlər və həblərin hazırlanması işləri həyata keçirilir. Gələcəkdə müalicə və profilaktika məqsədi ilə istifadə üçün preparatların hazırlanması da nəzərdə tutulur.