Naxçıvan Dövlət Universitetinin  (NDU)  tibb fakültəsinin təşkilatçılığı ilə onlayn seminar keçirilib.

 

Bakı Medical Plazanın tanınmış cərrah mama-ginekoloqu, professor Mehman Həmzəyev “Sonsuzluqda D vitaminin rolu, mamalıqda  septiki vəziyyətlər ” adlı çıxışında  qeyd edib ki, insanın sağlamlığı üçün ən vacib vitaminlərdən biri olan D vitamini hamiləlik zamanı da istifadə edilən gərəkli  vitaminlərdəndir. Bu vitamin uşağın inkişafını təmin edir, həmçinin qadına hamiləlik boyunca enerji və güc verir. Bundan başqa, dölün sümüklərinin vəziyyəti hamiləlik zamanı qadın orqanizmində olan D vitaminindən çox asılıdır. Bu vitamin çatışmazlığının uşaqların az çəkili doğulmasına gətirib çıxardığını qeyd edən professor diqqətə çatdırıb ki, hamilələr üçün vitamin D-nin günlük dozası - 400-600 ME-dir.

 

Vurğulanıb ki,  D vitamini sinirlərin və əzələlərin, immun sisteminin normal fəaliyyəti üçün, ürəyin, dərinin, qalxanvari vəzinin, böyrəklərin sağlamlığı, qanın normal laxtalanması, arterial təzyiqin  tənzimlənməsi, immun sisteminin normal fəaliyyəti üçün də çox önəmlidir.  D vitamini bəzi xərçəng xəstəliklərinin (xüsusilə süd vəzi, yumurtalıqlar, prostat vəzi xərçəngi, leykoz) müalicəsi və profilaktikası üçün effektlidir.

 

NDU-nun məzunu olmuş, hal-hazırda Türkiyə  Muş Bulanık Dövlət Xəstəxanasında qadın xəstəlikləri və doğum uzmanı kimi çalışan  Zahid Ağayev “Doğum zamanı ana ölümlərinin başlıca səbəbləri və qarşısının alınma yolları” adlı çıxışında ana bətnində dölü inkişafdan saxlayan - həm ana, həm də döldən asılı olan əsas səbəblərdən danışıb. Bildirilib ki, əgər anada hər hansı xəstəlik, infeksion proseslər nəticəsində uşağa gedən qidalanma pozularsa, o zaman  uşaq inkişafdan qalır.

 

Həkim-uzman doğuşdan əvvəl və sonra hamiləlik sonlandırmalarından da danışıb. Doğuşdan sonra uşaq ölümlərinin səbəbləri kimi yarımçıq doğulma, ürəkdəki qüsurlar, baş beyində olan qeyri-travmatik qansızmalar, uşağın özündə olan infeksiya ilə əlaqədar inkişaf edən septik hallardan söhbət açıb, doğuş zamanı qanaxma, hamilənin təzyiq xəstəliklərini də ölüm səbəbləri kimi diqqətə çatdırıb.

 

Qeyd edək ki, seminara müəllim və tələbə olmaqla, 120-yə yaxın iştirakçı qoşulub. Sonda müəllim və tələbələrin mövzularla əlaqəli sualları cavablandırılıb.