Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunda görkəmli Azərbaycan ədibi Nağı Nağıyevin anadan olmasının 110 illiyinə həsr olunan onlayn elmi konfrans keçirilib.

 

İnstitutun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev görkəmli nasir, tanınmış dramaturq, tərcüməçi, redaktor, ictimai xadim, rəssam Nağı Nağıyevin həyat və yaradıcılıq yoluna nəzər salıb. Alim ədibin  Azərbaycan ədəbiyyatı tarixində böyük xidmətləri olduğunu qeyd edərək, onun əsərlərinin əhəmiyyətindən bəhs edib. Bildirib ki, 70 illik ömrünün 40 ilini bədii yaradıcılığa həsr edən yazıçı dram əsərləri, roman, povest, hekayə, oçerkləri ilə yanaşı, həm də müxtəlif xalqların ədəbiyyatından tərcümələr edib. Ədəbi mühitin inkişafında misilsiz xidmətləri olan yazıçının əsərləri gənc nəslin yetişməsində mühüm rol oynayıb.

 

Ə.Quliyev görkəmli yazıçının bir çox sahələrdə göstərdiyi uğurlu fəaliyyətinin öyrənilməsi istiqamətində mühüm işlərin həyata keçirildiyini diqqətə çatdıraraq, institutun “Taleyi və sənəti” layihəsi çərçivəsində hər il işıq üzü görən məqalələr toplusunun 2020-ci il üçün növbəti sayının N.Nağıyevə həsr edildiyini bildirib.

 

Konfransda, həmçinin institutun Dilçilik şöbəsinin müdiri, dosent Nuray Əliyevanın “Nağı Nağıyevin tərcüməçilik fəaliyyəti”, şöbənin aparıcı elmi işçisi, dosent Zülfiyyə İsmayılın “Nağı Nağıyevin əsərlərində dil və üslub xüsusiyyətləri” və Ədəbiyyatşünaslıq şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Nərgiz İsmayılovanın “Nağı Nağıyevin bədii nəsri” mövzusunda məruzələri dinlənilib.