Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunun təşkilatçılığı ilə Laçın şəhərində və Zabux kəndində “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş “Şərqi Zəngəzur və Qarabağın biomüxtəlifliyinin tədqiqi” mövzusunda  hibrid formatda "dəyirmi masa" keçirilib.

 

“Azərbaycan müəllimi” xəbər verir ki, tədbir Laçın şəhəri 2 nömrəli tam orta məktəbdə və Simurq kitabxanasında baş tutub. Botanika İnstitutunun bir qrup alim və mütəxəssisləri, nazirliyin nümayəndələri, məktəbin direktoru və müəllim-şagird heyəti iştirak ediblər.

 

Tədbiri giriş sözü ilə açan Botanika İnstitutunun baş direktoru professor Səyyarə İbadullayeva “Azərbaycan florasında yayılan dərman bitkilərindən istifadə perspektivləri” adlı elmi tədqiqat proqramı haqqında danışıb. Bildirib ki,  “Xalq təbabətinin unudulmuş reseptləri (Qərbi Azərbaycan, Şərqi Zəngəzur və Qarabağ icmalarının yaddaşlarından)” adlı kitabın və Azərbaycan florasında yayılan arıların, ev quşlarının müalicəsində, baytarlıq təbabətində istifadə edilən 100-dən çox dərman bitkisi haqqında məlumatlar toplanılıb.  Qeyd edib ki, 3 bukletin və 2 broşurun treninq formatda təqdimatı keçirilib və  onlar məktəbin kitabxanasına hədiyyə edilib, eləcə də yerli icmalara paylanılıb.

 

"Dəyirmi masa"da institutun Mikologiya  və ibtidai bitkilər şöbəsinin müdiri biologiya elmləri doktoru Dilzarə Ağayeva, Algologiya və lixenobriologiya laboratoriyasının müdiri biologiya üzrə fəlsəfə doktoru Şəkər Muxtarova, Herbari şöbəsinin müdiri biologiya üzrə fəlsəfə doktoru Pərvanə Qaraxani, Etnobotanika şöbəsinin aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Nuri Mövsümova, Gəncə Dövlət Universitetinin professoru Aynur Bayramova və digərləri öz tədqiqat sahələri barədə çıxış edib, müəllim və şagirdlərin suallarını cavablandırıblar.

 

Daha sonra Zabux kənd tam orta məktəbində və Laçın şəhərində yerləşən Simurq kitabxanasında görüş təşkil olunub, botanika alimlərinin müəllifliyi ilə nəşr edilən bir sıra kitab, buklet və broşurlar həmin müəssisələrə təqdim edilib.

 

Səfər müddətində botaniklər Laçın rayonu ərazisində ekspedisiya həyata keçirib. “Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası ilə əlaqədar olaraq bitkilərin Qarabağ ərazisində yayılmasına dair monitorinq aparılıb, ərazidə yayılan nadir, endemik, dərman bitkiləri tədqiq edilib, göbələk və yosun nümunələri toplanılıb. Monitorinqin nəticəsi ilin sonunda nəşri gözlənilən “Qarabağ florası” adlı kitaba daxil ediləcək.