“Məktəblinin dostu” layihəsi çərçivəsində təşkil olunmuş ekskursiyada 284 nömrəli tam orta məktəbin şagirdləri iştirak edib


Mayın 30-da Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN xidmət”in) birgə həyata keçirdiyi “Məktəblinin dostu” layihəsi çərçivəsində Bakıda yerləşən284 nömrəli tam orta məktəbin bir qrup şagirdi Sumqayıt Dövlət Universitetində olub.

 

Şagirdləri SDU-nun humanitar məsələlər üzrə prorektoru, dosent Ramiz Hüseynov qəbul edib. Ölkəmizdə təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam mühitin formalaşdırılması istiqamətində gerçəkləşən müxtəlif layihələrdən, eləcə də və “Məktəblinin dostu” layihəsinin əhəmiyyətindən bəhs edən prorektor Təhsil Nazirliyi ilə “ASAN xidmət”in birgə həyata keçirdiyi “Məktəblinin dostu” layihəsi haqqında  bir qədər ətraflı məlumat verib. Bildirib ki,  pilot olaraq 2016-cı ilin dekabrından Bakının 30 məktəbində başlanılan  “Məktəblinin dostu” layihəsinin məqsədi müəllim və şagirdlər üçün təhlükəsiz, sağlam mühitin yaradılması, ilk tibbi və psixoloji yardımın göstərilməsi, mütəmadi olaraq şagird, valideyn, müəllim, təlim-tərbiyə müəssisələrinin kollektivi və rəhbərliyi ilə maarifləndirmə və diaqnostik işlərin aparılmasıdır. Qeyd olunub ki, son zamanalar məktəblə universitet arasında əlaqələrin qurulması artıq ənənə halı alıb. Bu da  universitetlə orta məktəb arasında əlaqələri genişləndirir, şagirdlər universitet haqqında geniş məlumat əldə edir və gələcək ali təhsil müəssisələri üzrə seçimləri haqqında fikir formalaşdırır.

 

Prorektor şagirdlərə universitetin yaranma tarixi, mövcud ixtisaslar və gələcəkdə ölkəmiz üçün vacibliyi nəzərə alınaraq açılacaq ixtisaslar haqqında da ətraflı məlumat verib.

 

Sonra şagirdlər universitetin tədris binalarına ekskursiya ediblər. Gələcəyin tələbələri gəzinti zamanı universitetin Heydər Əliyev Mərkəzində, ayrı-ayrı fakültələr, auditoriyalar və laboratoriyalarında, TEMPUS otağı, kitabxana və tədris otaqlarında, kompüter və informasiya mərkəzində,  Linqvistik mərkəzdə, İdman zalında olublar. Həmçinin universitetin həyətində inşa edilən şahmat lövhəsi, süni örtüklü futbol meydanı, voleybol və basketbol meydançaları, stolüstü oyunlar üçün qurulan köşklərlə və burada yaradılan şəraitlə də yaxından tanış olan 284 nömrəli tam  orta məktəbin nümayəndələri universitetdə olmaqdan məmnunluqlarını dilə gətirib, görüşə görə universitet rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.