Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinə (UFAZ) yeni qəbul olan 148 tələbə üçün “Oriyentasiya Günü”keçirilib.

 

ADNSU-nun rektoru, professor Mustafa Babanlı tələbə adını qazanan gənclərin bu il qarşılaşdıqları çətinliklərdən söhbət açıb, onlara yeni tədris ilində uğurlar arzu edib.  O tələbələrin müasir biliklərə yiyələnmələrində professor-müəllim heyətinin rolunu xüsusi qiymətləndirməklə yanaşı, uğurun gənclərin özlərinin çalışqanlığından asılı olduğunu vurğulayıb.

 

UFAZ-ın direktoru Vazeh Əskərov Azərbaycan gənclərinə xaricdə təhsil imkanları yaradan dövlət proqramından danışıb. Direktor  I kurs tələbələrinin oflayn təhsilinin davamlı olmasında pandemiya şəraitinin qaydalarına əməl edilməsinin  əhəmiyyətini vurğulayıb və gənclərə tədris ilində uğurlar arzulayıb. 

 

UFAZ-ın baş katibi Elizaveta Bidanova Fransa və Azərbaycan mədəniyyətinin kəsişməsində yaranan UFAZ-da təhsil almağın üstünlüklərindən danışıb, həyatının yeni mərhələsinə qədəm qoyan tələbələrə şəxsi motivasiya, sosial bilik və bacarıqların əldə edilməsi haqqında qısa məlumat verib.

 

Təhsil departamentinin müdiri Lətifə Nəsibova ümumi tədris prosesi haqqında tələbələri bilgiləndirərək, onları ölkəmizi beynəlxalq arenada layiqincə təmsil etməyə çağırıb. 

 

Daha sonra Təhsil departamenti,  yerli və əcnəbi müəllimlərdən ibarət akademik heyət birinci kurs tələbələrini akademik və inzibati qaydalar, tədris planları ilə tanış edib.

 

Qeyd edək ki, UFAZ-a qəbul olan tələbələr aşağıdakı ixtisaslar üzrə təhsil alacaqlar: Geofizika mühəndisliyi, Kimya mühəndisliyi, Kompüter elmləri və Neft-qaz mühəndisliyi. Bütün tələbələr iki tələbə bileti (ADNSU və Strasburq Universiteti) və UFAZ-da təhsillərini asanlaşdıracaq, 4 il müddətində istifadə edə biləcəkləri fərdi noutbuk alacaqlar.