Azərbaycan Milli Elmlər Akademiyası Botanika İnstitutunun Mikologiya laboratoriyasının əməkdaşları Lənkəran rayonunda ekspedisiyada olublar. Laboratoriya əməkdaşları tərəfindən yabanı bitkilərin göbələk assosiasiyalarını öyrənmək məqsədilə meşə ekosistemlərində müxtəlif bitkilərlə assosiasiyada olan mikromiset və makromiset nümunələri toplanılıb, eləcə də təyin edilib. Onlardan yalançı unlu şeh (Albugo, Peronospora),  yarpaq ləkəsi törədicilərinə (Colletotrichum, Pestalotia, Septoria) aid altı patogen növ aşkar edilib.

 

Laboratoriyanın əməkdaşları Botanika İnstitutu ilə Lənkəran Regional Elmi Mərkəzi (LREM) arasında  bağlanmış əməkdaşlıq müqaviləsi çərçivəsində sınaq sahəsində yetişdirilən yerli və introduksiya olunmuş sitrus bitkilərinə baxış keçirib, yetişdirilmə şəraiti ilə tanış olub, göbələk xəstəliklərinə nəzarət üçün müəyyən məsləhətlər veriblər. Ekspedisiya zamanı bir sıra göbələk simptomlu yarpaq nümunələri toplanılıb, lakin ciddi narahatçılıq yaradacaq xəstəlik törədici aşkar edilməyib.