Müasir jurnalistika təhsilinin aparıcı istiqamətləri


Jurnalistika təhsili ilə bağlı birinci yazımızda qeyd etmişdik ki, İspaniya KİV-i  hazırda dünyada ən məşhurlar sırasındadır. Bu ölkədə həm qəzetlər, həm də elektron media kifayət qədər inkişaf edib. O qədər ki, dünyanın əksər media orqanları ispan telekanalları, yaxud dövri mətbuatının yayımladığı xəbər və reportajlara istinad edirlər. Təbii ki, bütün bunlar İspaniyada keyfiyyətli jurnalistika təhsili olmadan mümkün deyildi.

 

Hesab olunur ki, İspaniya KİV sahəsində ali təhsil almaq üçün ideal ölkədir. Məsələn, Rusiyada fəaliyyət göstərən jurnalistlər müvafiq təhsil almaq məqsədilə  mütləq bu ölkənin ali məktəblərinə müraciət etməyi məsləhət görürlər. Peşəkarlardan təhsil görmək gələcək karyeranın uğurlu olması üçün atılmış ilk və ən vacib addımdır. İspan ali təhsil sisteminə görə, məzun mütləq təcrübə keçməlidir. Jurnalist təhsili verən ali məktəblər nəinki istisna deyil, hətta bu istiqamətdə daha irəliyə gediblər: hər bir nüfuzlu universitet mütləq həm İspaniyanın, həm də dünyanın bir sıra aparıcı KİV orqanları ilə müqavilələrə malikdir. Mövcud anlaşmalara əsasən, bu ali məktəblərin məzunları həmin media təmsilçilərində təcrübə və ixtisasartırma kursları keçməlidirlər.

 

İSPANİYAdakı qanuna görə, ali təhsili yalnız universitetlər (Centro) verə bilər. “Centro”lar üç kateqoriyaya ayrılırlar: Dövlət, özəl və kilsənin himayəsində olan ruhani təhsil ocaqları. İspaniyanın ali məktəblərinin tərkibində digər ölkələrdə universitet təhsilinə alternativ sayılan müxtəlif tipli tədris müəssisələri fəaliyyət göstərir. Jurnalistika təhsilindən danışırıqsa, söhbət aşağıdakılardan gedir:

 

- Universitet fakültələri (facultades universitarias) - ali təhsilin hər 3 mərhələsini əhatə edir, ancaq texniki təhsil vermirlər;

- Universitet məktəbləri (escuelas universitarias) - tələbəni yalnız ali təhsilin ilk pilləsinə çatdırma səlahiyyətinə malikdirlər;

- Universitet kollecləri - tədris proqramı ənənəvi universitet proqramları ilə analoji xarakter daşısa da, peşəkar yön vermə imkanlarına malik deyillər.

 

İspaniyada üç təhsil növü var:

 

- Tələbənin dərslərdə mütləq iştirak etməsini tələb edən ADİ təhsil;

- İki peşə alan şəxslər üçün nəzərdə tutulan AXŞAM təhsili;

- Qiyabi təhsil bazasında təşkil olunan, həm özəl, həm də dövlət xarakterli MƏSAFƏLİ təhsil.

 

İspaniyada ali təhsil sentyabrın sonu-oktyabrın əvvəlində başlayır. İl iki semestrdən ibarətdir. Ancaq bundan əvvəl «Curso de Orientacion universitaria» (COU) deyilən xüsusi peşəkar təmayüllü kurs keçilməlidir. Kursun əsas məqsədi abituriyenti qəbul imtahanı - “Selectividad”a hazırlamaqdır. Abituriyent ümumi təhsil səviyyəsini göstərmək üçün iki yazılı sınaqdan keçməlidir. Birinci sınağa əsasən, abituriyentin ispan dili və ədəbiyyatı biliyi öyrənilir, xarici dil və fəlsəfə üzrə test də buraya daxildir. İkinci sınaqda isə abituriyentin seçdiyi peşə üzrə 4 fəndən test imtahanı verilir. İspaniyada tələbəliyə namizədlərə tələblər olduqca sərtdir.

 

İspaniya təhsil sistemində bizə qeyri-adi gələcək fərqlər var. Məsələn, bakalavriat iki kursdan ibarətdir ki, burada tələbələrə humanitar predmetlər, sosial elmlərdən dərs deyilir. Bakalavriatı bitirmiş şəxs ali təhsilin ilk mərhələsini başa vurmuş olur. Magistratura ikinci mərhələdir, onu bitirən şəxs magistr adını alır. Bundan sonrakı mərhələni bitirənə isə universitetin özünün müəyyən etdiyi  “Master”, “Diplomado”, “Experto” adları verilir.

 

İTALİYAda jurnalist təhsilini bir neçə ali məktəb verir. Bunlar Roma Dövlət Universiteti - “La Sapiensa”, Florensiya, Peruca və Milan dövlət universitetləri, Milandakı Bikokki Universitetidir. İtaliyada daha bir ali məktəb - Milandakı “Müqəddəs Ürək” Universiteti də jurnalist hazırlayır ki, adından da göründüyü kimi, bu təhsil ocağı katolik kilsəsinin himayə və təsirindədir. Güman ki, buradakı jurnalist təhsili də müvafiq olaraq katolik kilsəsinin tələb və tələbatları əsasında həyata keçirilir.

 

Qəbul edilmiş ümumi yanaşmaya əsasən, İtaliyada jurnalist peşəsinə yiyələnən şəxs aşağıdakı keyfiyyətlərə sahib olmalıdır:

 

- kommunikasiyalar sferasında baza biliklərinə yiyələnməlidir, jurnalistika və mədəniyyət, ictimaiyyətlə əlaqələr və redaksiya-nəşr sahəsində müstəqil qərar qəbul etmək bacarığına malik olmalıdır;

- müasir informasiya və kommunikasiya texnologiyalarından baş çıxarmalıdır;

- PR texnologiyalarını bilməli, bu bacarıqlarından həm özəl sahibkarlıq sektorunda, həm də mədəni irsin mühafizəsi ilə məşğul olan dövlət struktur və təşkilatlarında istifadə etməyi bacarmalıdır;

- elektron və çap media qurumlarında jurnalist və redaktor kimi işləyə bilməlidir;

- iki əcnəbi dil bilməli, onlardan işində həm şifahi, həm də yazılı şəkildə istifadə edə bilməlidir;

- italyan dilini mükəmməl bilməlidir;

- ssenari, reklam və jurnalistika məzmunlu mətnlərin üzərində işləmək üçün baza biliklərinə sahib olmalıdır və s.

 

İtaliyada jurnalist təhsili 3 il çəkir və sonda məzuna “Kommunikasiya sahəsində mütəxəssis” adı verilir. Qanunvericiliyə əsasən, bu adı almış şəxs aşağıdakı peşələr üzrə fəaliyyət göstərə bilər:

 

1. Jurnalist - İtaliyada peşəkar jurnalist mütləq Jurnalistlər Birliyinin üzvü olmalıdır. Bu peşə adətən iki istiqamətə ayrılır: jurnalistika ilə yanaşı, yazıçılıq və bu kimi fəaliyyət sahələri ilə də məşğul olan “publisistlər” və sırf jurnalistika sahəsində işləyən “peşəkarlar”. Yeri gəlmişkən, Jurnalistlər Birliyinin üzvü olmaq üçün bu sahədə minimum 18 aylıq fəaliyyət tələb olunur. Ancaq bu da son deyil: üzvlük üçün müraciət edən şəxs jurnalistika sahəsini əhatə edən imtahan-testdən keçməlidir.

 

2. Baş redaktor, redaksiya layihəsinin rəhbəri. Prinsipcə, bu peşə sahiblərinin səlahiyyət və məsuliyyət dairəsi hər yerdə olduğu kimi, İtaliyada da eynidir.

 

Son bir neçə ildir FİNLANDİYAnın orta təhsili bir “təhsil möcüzəsi” olaraq müzakirə və mübahisə obyektinə çevrilib və bu mövzuya biz də dəfələrlə toxunmuşuq. Ancaq bu ölkənin ali təhsil sistemi bir növ diqqətdən kənarda qalıb. Odur ki, Finlandiyada jurnalistika təhsili prizmasından ümumi ali təhsil sisteminə qısa nəzər yetirməyə çalışaq.

 

Beləliklə, Finlandiyada ali təhsil iki paralel sektorlarla təmsil olunur: universitetlər və professional institutlar. Professional institutlar adətən regional çoxtəmayüllü ali məktəblərdilər. Buraya daxil olmaq üçün abituriyentin ya gimnaziya attestatı, ya da orta professional təhsil diplomu olmalıdır. Universitetlərdən fərqli olaraq professional institutlara gimnaziyaları bitirmiş, lakin buraxılış imtahanlarını verməmiş şəxslər də daxil ola bilərlər. Qanunvericiliyə əsasən, bir ali məktəbdə təhsil alan şəxs paralel olaraq digər ali məktəbin diplomunu əldə etmək üçün lazımi kursu keçməsi məqsədilə müvəqqəti icazə hüququna malikdir. Universitetlərdə tələbənin elektron məlumat bazası var ki, paralel təhsilalma prosesində işə salınır.

 

Şimali Avropa ölkələrindən ilk dəfə məhz Finlandiyada jurnalistika təhsili ali məktəblərdə verilməyə başlanılıb. 1925-ci ildə Helsinkidə əsası qoyulmuş İctimai Kollecdə jurnalistika üzrə tədris proqramı fəaliyyətə başlayıb. İlk illərdə proqram 3 ili əhatə edirdi, ancaq 1930-cu ildə kollec İctimai Elmlər üzrə Ali Məktəbə çevrildi və jurnalistikanı magistr səviyyəsində tədris etməyə, məzunlara jurnalist peşəsi üzrə diplomlar verməyə başladılar. 1964-cü ildə Tamperə köçürülən ali məktəbin tədris proqramı da genişləndi və şaxələndi, 1969-cu ildə Elektron KİV kafedrasının əsası qoyuldu. Hazırda isə bu struktur belə adlanır: Tampere Universitetinin İctimai elmlər fakültəsinin Jurnalistika və kütləvi kommunikasiyalar şöbəsi.

 

Hazırda jurnalistika və media-sektordakı digər peşələr üzrə təhsil Finlandiyada olduqca populyardır. 1998-ci ildən sonra bu sahədə təhsil verən müəssisələrin sayında üçqat artım olub. Bu gün Finlandiyanın 40 dairəsində 70 təhsil ocağında müvafiq istiqamətdə tədris proqramları fəaliyyətdədir. Ali məktəblərlə yanaşı, bir sıra kolleclərdə də jurnalistika təhsilinə yiyələnmək olar, ancaq bu, peşəkar təhsil sayılmayacaq. Jurnalistika təhsili üzrə ən nüfuzli ali məktəblər bunlardır: Helsinki Universiteti (media və kommunikasiyalar şöbəsi), Tampere Universiteti, Yuvəskülyə Universiteti, Helsinki Universiteti yanında İsveç İctimai Elmlər məktəbi, Turkudakı İsveç Finlandiya Universiteti. Finlandiyada jurnalistika fakültəsinə daxil olmaq kifayət qədər çətin işdir, abituriyentlərin yalnız 5-10%-i buna müvəffəq ola bilir. Halbuki imtahan ilk baxışda elə də çətin görünmür: yalnız bir esse yazılmalıdır!

 

Finlandiyada jurnalistika üzrə təhsil alanlar sonda bakalavr və magistr dərəcələrinə yiyələnə bilərlər. Universitetlər tələbəyə əsas predmetlə paralel olaraq digərlərini də öyrənməyə icazə verirlər, Tampere Universitetində bu, məcburi xarakter daşıyır. Jurnalistikada paralel predmetlər adətən dillər, fəlsəfə olur. Bakalavriatda əsas predmetin öyrənilməsi prosesinə statistika, sosioloji araşdırma metodları, fəlsəfə və sosiologiyaya giriş də öyrənilir. Jurnalistikada oxuyan ən azı bir xarici dil bilməlidir (İsveç dili xarici sayılmır -müəl.).

 

Finlandiyada kredit sistemi fəaliyyət göstərir. Bir kredit 40 saatdır. Bakalavr adını almaq üçün 120 kredit tələb olunur, magistr adı isə 160 kreditə bərabərdir.

 

Finlandiyada hesab edirlər ki, ən yaxşı jurnalistlər İsveç İctimai Elmlər Məktəbindən çıxır. Burada tələbələr xəbər jurnalistikası, internet, TV və radio-jurnalistika, ədəbi redaktə, KİV dili kurslarından keçirlər. Ölkənin ən məşhur jurnalistləri bu ali məktəbin məzunlarıdırlar.

 

Jurnalistika və media üzrə təhsil verən ali məktəblərin adətən öz radioları və telestudiyaları olur. Tampere Universitetində “Radio Moreeni” fəaliyyət göstərir. Avropanın ən iri mediakonsernlərindən biri olan «Sanoma WSOY” və “Yleisradio” teleradio şirkəti universitetlərlə sıx əməkdaşlıqda olmaqla yanaşı, özlərinin məktəblərini də maliyyələşdirilər. Təşkil etdikləri ixtisasartırma kursları adətən pulsuz olur.

 

Təbii ki, Finlandiyada da jurnalistika təhsili və jurnalistikanın özü problemsiz deyil. “Mediaskop” elektron elmi jurnalı Finlandiyada əsas problem kimi, jurnalist peşəsinə sahib olan şəxslərin çoxluğunu göstərir. Bu isə öz növbəsində amansız rəqabət deməkdir. Üstünlük mediaplanlama, mediaiqtisadiyyat, informasiya texnologiyaları üzrə mütəxəssislərə verilir. Bunlar isə necə deyərlər, bu gün mövcud olan gələcəyin peşələridir. Ekspertlərə görə, praktik-jurnalist Finlandiya reallıqları üçün aktuallığını itirmək üzrədir. Finlandiya gerçəkliyi müasir dünyanın əksidir. Hər bir peşə kimi, jurnalistdən də tələblər artır və onların böyük qismi mahiyyətcə yeni, fərqli tələblərdir.

 

Şübhəsiz ki, bu reallıq dünyanın bir parçası olan Azərbaycandan da yan keçməyəcək. Oxumaq lazımdır, əziz jurnalistlər və jurnalist olmaq istəyən gənclər!

 

Rüstəm QARAXANLI

 

Bölmənin digər xəbərləri