Bakı Dövlət Universitetinin (BDU) Elmi Şurasının iclası keçirilib.

 

İclasda çıxış edən BDU-nun rektoru Elçin Babayev bildirib ki, Ali Baş Komandan İlham Əliyevin  rəhbərliyi ilə Azərbaycan Ordusunun erməni hərbi birləşmələrinə qarşı həyata keçirdiyi uğurlu əks-həmlə əməliyyatı nəticəsində işğal altında olan bir sıra kəndlərimiz, vacib yüksəkliklər və əlverişli ərazilər azad edilib. Düşmənin müxtəlif təyinatlı hərbi texnikası, döyüş vasitələri, komanda məntəqəsi, yüzlərlə canlı qüvvəsi məhv edilib.

 

Rektor əlavə edib ki, Ermənistan tərəfi Azərbaycanın mülki əhalisini və infrastrukturunu məqsədyönlü şəkildə hədəf almaqla beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozur. Ermənistanın hərbi-siyasi rəhbərliyinin göstərişi ilə düşmənin silahlı qüvvələri tərəfindən Azərbaycan əhalisinin sıx yaşadığı məntəqələr ağır artilleriya atəşinə tutulur və bununla da mülki əhalimizə qarşı müxtəlif cinayətlərin törədilməsi davam edir. Erməni qəsbkarları Azərbaycanın Beyləqan, Tovuz, Tərtər, Xızı, Gəncə, Şəmkir, Mingəçevir, Göygöl, Bərdə, Füzuli, Ağdam şəhərlərinə, Abşeron ərazisinə, dinc əhaliyə atəş açırlar.

 

Rektor qeyd edib ki, mənfur düşmənin təcavüzkar əməllərinə baxmayaraq, şanlı Ordumuzun uğurlu döyüşləri nəticəsində torpaqlarımızın azad olunması, düşmən üzərindəki qələləbələr xalqda böyük ruh yüksəkliyi yaradıb:”Bu gün hər bir Azərbaycan vətəndaşının ürəyi müzəffər ordumuzla döyünür. Səbirsizliklə qələbələrin davamını və Böyük Qələbə gününü gözləyirik; əminik ki, o gün çox yaxındır”.

 

Sonra professorlar- İzzət Rüstəmov, Məhəmməd Mehdiyev, Vasif Babazadə, Şövqisəfa Göyçaylı, Aydın Kazımzadə, Sevinc Hacıyeva, Tapdıq Həsənov çıxış edərək Azərbaycanın haqq mübarizəsindən, Ordumuzun qələbələrindən, Azərbaycan Prezidentinin qətiyyətli siyasətindən söz açıb, BDU-nun professor-müəllim heyətinin hər an Ali Baş Komandanın, şanlı Ordumuzun yanında olduğunu bildirib, cəbhə üçün, qələbə üçün bütün qüvvələrin səfərbərliyini qeyd ediblər.

 

BDU-nun ağsaqqal professorları təklif ediblər ki, Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fonduna 200 min manat yardım edilsin. Təklif yekdilliklə qəbul olunub.