Xankəndi şəhər 4 nömrəli tam orta məktəbi xankəndililərin ən doğma məkanlarından birinə çevrilib


80-ci illərin sonlarında ermənilərin Dağlıq Qarabağla bağlı məkrli planlarında qarşıda duran ən başlıca vəzifələri ilk növbədə Xankəndini azərbaycanlılardan təmizləmək idi. Təbii ki, şəhərdə fəaliyyət göstərən, azərbaycanlıların təhsil aldığı təhsil ocaqlarının fəaliyyətinə son qoymaq bu planın tərkib hissəsi kimi önə çəkilmişdi. Sırada isə birinci yerdə Nizami Gəncəvi adına Xankəndi şəhər 4 nömrəli tam orta məktəbi dururdu. Azğınlaşmış ermənilər bu təhsil ocağını hədəf seçmişdi...

 

Nizami Gəncəvi adına Xankəndi şəhər 4 nömrəli tam orta məktəb 1945-ci ildən fəaliyyət göstərsə də, əslində, bu təhsil ocağı XIX əsrin sonlarında yaradılıb, sovet rejiminin ilk illərində onun bazasında orta məktəb təşkil edilib və Xankəndi şəhərində yaşayan (məskunlaşan) ermənilər tərəfindən hər bir cəhdlə onun Azərbaycan məktəbi kimi fəaliyyət göstərməsinə maneələr törədilib.

 

1945-ci ildən müstəqil Azərbaycan məktəbi kimi fəaliyyət göstərən bu təhsil ocağı ağır, çətin və keşməkeşli yollar keçib, fəaliyyətini zirzəmi şəraitindən başlayıb, bir müddət keçdikdən sonra birmərtəbəli, heç bir şəraiti olmayan binaya köçürülüb.

 

Hələ o illərdən erməni millətçiləri bu məktəbin fəaliyyətinə əngəllər yaratmaq üçün bütün vasitələrə əl atıblar.

 

Məktəbin direktoru Nazim Xudiyevlə söhbətimizə Xankəndi şəhərində fəaliyyət göstərən bu yeganə azərbaycandilli təhsil ocağının tarixindən başlayırıq. O, məktəbin yaranma tarixindən, keçdiyi yoldan ətraflı söhbət açır: “Yarandığı, fəaliyyətə başladığı ilk günlərdən bu təhsil ocağı müxtəlif formalarda erməni millətçilərinin təzyiqlərinə məruz qalıb. Bütün istiqamətlərdə erməniləşdirilən Xankəndi şəhərində Azərbaycan məktəbinin fəaliyyət göstərməsini qəbul edə bilməyən ermənilər, nəhayət, bu qədim Azərbaycan torpağında yeganə azərbaycandilli orta məktəbin müstəqil fəaliyyət göstərməsini dayandıra biliblər.

 

Belə ki, 1964-cü ildə Nizami Gəncəvi adına 4 nömrəli və rus dilində təhsil verən 5 nömrəli məktəblərin bazasında məqsədli şəkildə beynəlmiləl məktəb yaradılmaqla müstəqil fəaliyyət göstərən yeganə azərbaycandilli təhsil ocağının - Nizami Gəncəvi adına Xankəndi şəhər 4 nömrəli orta məktəbin fəaliyyəti dayandırılıb. Yeni yaradılmış məktəbə milliyyətcə qeyri-azərbaycanlı direktor təyin edilib. Bütün çətinliklərə, süni şəkildə yaradılmış maneələrə baxmayaraq, Nizami Gəncəvi adına Xankəndi şəhər 4 nömrəli tam orta məktəbin müəllim kollektivi “beynəlmiləl məktəbdə” də azərbaycançılıq ideyalarını qoruyub saxlaya bilib, bütün qüvvələrini səfərbər edərək Xankəndində azərbaycanlı uşaqların maarifləndirilməsi üçün əllərindən gələni ediblər. Nəhayət, 1969-cu ildə Heydər Əliyevin respublikamızın siyasi rəhbərliyinə gəlməsi ilə N.Gəncəvi adına Xankəndi şəhər 4 nömrəli tam orta məktəbin müstəqil fəaliyyət göstərməsi bərpa olunub”.

 

Bütün təsir və təzyiqlərə baxmayaraq, məktəbin müəllim kollektivinin yüksək bilik və bacarığı, keyfiyyətli tədris metodu Azərbaycan cəmiyyəti üçün dəyərli vətəndaşlar yetişdirib. N.Xudiyev məktəbin məzunları haqqında qürur hissi ilə danışır:

 

“Bu gün adlarını qürurla çəkə biləcəyimiz məzunlarımız az deyil. Şəraitdən, təzyiqlərdən asılı olmayaraq, məktəbimiz Azərbaycan cəmiyyətinə general-polkovnik Ramil Usubov, Milli Məclisin deputatları - “Azərbaycan Bayrağı” ordenli Elman Məmmədov, Flora Qasımova, Əməkdar müəllim, tibb elmləri doktoru, professor Mübariz Allahverdiyev, Beynəlxalq Energetika Akademiyasının üzvü, fizika-riyaziyyat elmləri doktoru Vidadi Əliyev, filologiya üzrə elmlər doktoru İlhami Cəfərsoy, filologiya üzrə fəlsəfə doktoru Şəfəq Cabbarova, tarix üzrə fəlsəfə doktoru, Əməkdar jurnalist Hikmət Xudiyev, tibb elmləri üzrə fəlsəfə doktoru Səidə Zeynalova, Əməkdar mühəndis Kamil Xudiyev, dəyərli tədqiqatçı Aydın Qarabağlı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, istedadlı jurnalist və naşir Vasif Quliyev, Əməkdar mühəndis Ziyəddin Quliyev, Bakı Metropoliteninin ilk dəfə tikilib istifadəyə verilməsində aparıcı mütəxəssislərdən biri olmuş Firudin Əhmədov, “Yaxın, uzaq Xankəndi” kitabının və Xankəndi haqqında silsilə yazıların müəllifi, jurnalist İlham Cəmiloğlu və başqa dəyərli şəxslər bəxş edib”.

 

Məktəb həm də öz qəhrəman məzunları ilə fəxr edir. Təhsil ocağının məzunları respublikamızın ərazi bütövlüyünü, suverenliyini qoruyarkən erməni qəsbkarları ilə mübarizədə şücaətlər göstərib, xalqımızın qəhrəmanlıq tarixinə yeni səhifələr yazıblar. Məktəbin 100-dən artıq şagird və məzunu şəhidlik zirvəsinə ucalıb. Bu təhsil ocağının məzunları olan Azərbaycanın Milli qəhrəmanları Şirin Mirzəyevin, Nizami Məmmədovun həyat yolları bu gün hər bir Azərbaycan gəncinə örnəkdir. Qarabağ mövzusuna toxunan məktəb direktoru fikirlərini belə bölüşür: “Məktəbimizin tarixi, onun müəllim və şagirdlərinə, valideynlərinə qarşı törədilən cinayətlər, sadəcə olaraq, bir təhsil ocağının faciəli tarixçəsi deyil - bu, Azərbaycan xalqının, bütövlükdə bəşəriyyətin faciəsidir. Bu təhsil ocağı yarandığı vaxtdan millətçi erməni dairələrin siyasi və ideoloji təzyiqlərinə məruz qalsa da, azərbaycançılıq ideyalarının ləyaqətli daşıyıcısı kimi 1988-ci ilə qədər fəaliyyətini fədakarlıqla davam etdirib, pedaqoji kollektiv şovinist ermənilərin ögey münasibətlərinə baxmayaraq, əzmkarlıq göstərib. Təəssüflər olsun ki, 1988-ci ilin sentyabr ayında erməni millətçilərinin məktəbin fəaliyyətinə son qoymaq cəhdi baş tutdu. 700-dən çox şagirdin təhsil aldığı, 60-dan artıq müəllimin çalışdığı məktəb fəaliyyətini dayandırmaq məcburiyyətində qaldı. Xankəndində yaşayan köməksiz azərbaycanlıların ciddi cəhdlərinə baxmayaraq, məktəbin fəaliyyətini bərpa etmək mümkün olmadı”. 25 illik fasilədən sonra xankəndililərin istəyi, doğma məktəblərinin fəaliyyətinin yenidən bərpa olması arzusu həyata keçdi.

 

N.Xudiyev Azərbaycan təhsilinin inkişafına töhfələr vermiş, özünəməxsus bir tarix yaşamış bu təhsil ocağının xidmətlərinin Prezident İlham Əliyev tərəfindən yüksək qiymətləndirildiyini deyir: “Dövlət başçısının 30 dekabr 2012-ci il tarixli sərəncamı ilə məktəbin fəaliyyəti yenidən bərpa olundu. Sərəncama əsasən, Bakının Sabunçu rayonunun Ramanı qəsəbəsində müasir standartlara uyğun məktəb inşa edildi. Və bu gün bu təhsil ocağının rəhbəri kimi əminliklə qeyd edirəm ki, məktəbin müəllim və şagird kollektivi möhtərəm Prezidentin “Gün gələcək, Azərbaycan bayrağı Xankəndində və Şuşada dalğalanacaq” kimi bəyanatından güc alaraq torpaqlarımızın işğaldan azad olunması üçün dövlət başçısının hər bir çağırışına hazırdır”.

 

Hazırda Nizami Gəncəvi adına Xankəndi şəhər 4 nömrəli tam orta məktəbi xankəndililərin ən doğma məkanlarından birinə çevrilib. Tez-tez bu məktəbə yığışan xankəndililəri bu məkanda görüşdürən bir arzu, bir istəkdir - tezliklə doğma torpaqlara qayıtmaq istəyi...

 

İlham CƏMİLOĞLU

 

 

 

 


Bölmənin digər xəbərləri