Dünya inkişaf etdikcə hər bir sahə kimi təhsil də inkişaf etməlidir. Ölkəmizdə buna uyğun olaraq dünya ölkələrinin müsbət təcrübələrinə nəzər yetirilir, müxtəlif metodlar araşdırılır, öyrənilir və tətbiq edilir.
 

Bildiyimiz kimi, yeni tədris proqramı (kurikulum) tətbiq edilənə qədərki dövrdə tədris prosesində ənənəvi yanaşmadan istifadə edilirdi, lakin daha sonralar təhsil sahəsində yeni metodlar tətbiq edilməyə başlandı. Onlardan biri də interaktiv tədris metoddur.
 

Bəs haqqında danışacağımız interaktiv metod nədir?
 

İnteraktiv metodun əsas vəzifəsi şagirdlərə bilikləri yalnız nəzəri deyil, həm də praktiki cəhətdən öyrətməkdir. Biliyi praktiki cəhətdən öyrənən şagird onun real həyatla əlaqəsini başa düşür və onu tətbiq etməyi daha yaxşı bacarır. Bu metodda müəllim-şagird, şagird-şagird münasibətləri inkişaf edir.
 


Ənənəvi və interaktiv metodun fərqi nədən ibarətdir?
 

Ənənəvi metodda mərkəzdə müəllim durduğu halda, interaktiv təlimin mərkəzi şagirddir. Yəni dərs prosesi şagirdin istək və maraqları nəzərə alınaraq təşkil edilir.
 

Müəllim mərkəzli yanaşma ilə həyata keçirilən ənənəvi metoddan fərqli olaraq, interaktiv təlimdə demokratiklik mütləq nəzərə alınmalıdır. Bu şərt dərsdə şagirdlərə də söz haqqı verir ki, bu da dərsin daha maraqlı, əyləncəli, fəal keçməsinə şərait yaradır.
 

Tədrisdə interaktivliyi necə təmin etmək olar?
 

İnteraktivliyi təmin etmək üçün müxtəlif vasitələrdən istifadə edilir. Məsələn, oyunlar, sual-cavablar, keyslər, klasterlər, müzakirə və debatlar, interaktiv mühazirə, fərdi və qrup təqdimatları və s.
 

Klasterlər (beyin xəritələri)
 

Beyin xəritələri hər hansı mövzunu ümumiləşdirərək qrafik şəkildə təqdim etməkdir. Hər bir ağıl xəritəsi kənarlara uzanan budaqlardan və mərkəzdə yerləşən nüvəyə malikdir (Şəkil 1). Mərkəz hissədə mərkəzi mövzu, kənarlarda isə onunla əlaqəli əsas mövzular qeyd edilməlidir. 
   

                                Şəkil 1. Klaster nümunəsi
 

Keyslər
 

Keys ingiliscə “case” – vəziyyət deməkdir. Keys real problem əsasında qurulur, həyati faktlara əsaslanır. Onun əsas məqsədi şagirdlərin problemi birlikdə təhlil etməsi və həll yolunu müəyylənləşdirə bilməsidir.
 

Səriştəli müəllim bilir ki, hər sinifdə eyni metod eyni dərəcədə fayda verə bilməz. Müəyyən metod bir sinifdə uğurlu nəticə verdiyi halda, başqa bir sinifdə uğursuzluqla nəticələnə bilər. Odur ki, əgər bir üsul istənilən nəticəni vermirsə, o zaman metodu dəyişmək lazımdır.
 

Bəs interaktiv təlimin üstünlükləri nələrdir?
 

Əməkdaşlıq
 

Bu şagirdlərdə birgə çalışmaq, ünsiyyət qurmaq, fikir mübadiləsi aparmaq bacarıqlarını inkişaf etdirir. Bu zaman onlar bir-birinin fikirlərinə hörmət etməyi təkcə özü üçün deyil, həm də kollektiv üçün çalışmağı öyrənirlər. Bu isə nəticədə şagirdə “mən” anlayışından “biz” anlayışına keçməyə imkan verir.
 

Tənqidi düşüncə
 

İnteraktiv təlim şagirdə məlumatları araşdırmaq, təhlil etmək, sübut etmək imkanları verir ki, bu da şagirddə tənqidi düşüncə qabiliyyətini formalaşdırır. Bu zaman şagird məlumatları əlaqələndirir, onların oxşar və fərqli cəhətlərini müəyyən edir. Bu qabiliyyət şagirdə yalnız akademik həyatında uğur qazanmaya deyil, həmçinin gündəlik həyatında da müxtəlif problemlərin öhdəsindən gəlməyə kömək edir.
 

Daha yaxşı qavrama
 

İnteraktiv metod məlumatları daha yaxşı başa düşməyə və yadda saxlamağa imkan verir. Şagirdlər bu metodda daha fəal olduqları, sual-cavabda daha aktiv iştirak etdikləri, problemləri birbaşa özləri həll etdikləri üçün məlumatları daha yaxşı qavrayır və yadda saxlayırlar.
 

Diferensial öyrənmə
 

Sinifdə olan şagirdlərin hamısı eyni ola bilməz. Yəni, onların hər biri müxtəlif formada (məsələn, vizual, verbal, kinestetik və s.) öyrənirlər. Belə ki, onların hər birinin öyrənmə potensialı, güclü və zəif tərəfləri müxtəlifdir. Müəllim bu zaman sinifdə hər bir şagirdi nəzərə alaraq öz dərs prosesini qurmalıdır. Bunun üçün interaktiv təlim üsulunun üstünlüyü danılmazdır.
 

Dərsə maraq və motivasiya
 

Dərs prosesində keçirilən oyunlar, müzakirələr, sual-cavab şagirdin dərsə olan marağını artırır. Bunlar dərsdə şagirdin sıxılmasının, kənar işlərlə məşğul olmasının qarşısını alır. Nəticədə interaktiv təlimlə şagird dərsdə daim motivasiyalı olur, dərsdə daha aktiv iştirak edir.
 

Həmçinin nəzərə almaq lazımdır ki, metod dəyişmək, yeni üsullardan istifadə etmək heç də hər zaman inkişafa nail olmaq demək deyil. İnkişaf üçün həm də bu metodu layiqincə tətbiq etməyi bacaran pedaqoqlar olmaq lazımdır. Biz müəllimlərin üstünə düşən əsas vəzifələrdən biri də özümüzü daim inkişaf etdirmək, yeniliklərə açıq olmaqdır.
 

 Mələk MANAFLI,
 Bakı Dövlət Universitetinin SABAH qruplarının
 “Coğrafiya müəllimliyi” ixtisası üzrə IV tədris ili tələbəsi