Dünya təcrübəsinə nəzər salsaq, görərik ki, tədris ilinin başlanma vaxtı əsasən sentyabr ayının əvvəllərinə təsadüf etsə də, bitmə tarixi müxtəlifdir. Dünyanın bir çox məşhur təhsil nəzəriyyəçiləri tədris ilinin sentyabr ayının əvvəllərinə təsadüf etməsinin zehni, fizioloji, psixoloji əsaslarını hazırlayıb, metodiki faydalılığını önə çəkiblər.
 
XXI əsrin müasir təhsil modeli klassik təhsil nəzəriyyələrinin bir çox dilemmalarını rədd etsə də, dərslərin başlanma tarixçəsinə qətiyyən toxunmayıb. Tədricən artmaqda olan dərs yükünün, ağır tədris proqramının bitməsi üçün ən uyğun başlanğıc dövrünü sentyabrın ilk yarısı olaraq göstəriblər. Bu gün dünyanın bir çox ölkələrində ağır tədris yükü prioritet məsələ sayıldığından  sentyabr ayının ilk ongünlüyündə başlanan tədris müddəti adətən, iyunun sonu, iyulun əvvəli bitir.
 
Dünyada necədir?
 
* Amerikada tədris ili müddəti 180 gündür. Məktəblilərin yay tətili 10-11 həftə çəkir. Tədris ili müddətində Milad bayramında 2 həftə, Şükran Günü bayramında 2-3 gün, Pasxa bayramında isə 2-5 günlük kiçik tətillər olur. ABŞ-da səhər saat 8:30-da başlayan dərs 16:00-da qurtarır.
 
* Danimarka və Fransada yay tətili 6 həftə olur. Bu ölkələrin ara tətilləri də cəmi 5 gündür.
 
* İsveçdə tədris ili iyunun15-dən avqustun ortasınadək davam edir. Milad bayramı ilə bağlı 15 günlük əlavə tətil verilir. İsveçdə məktəblilərin dərs ili iki hissəyə bölünür.
 
* Yaponiyada ildə iki böyük tətil - martın sonundan aprelin ortasına və iyulun sonundan avqustun sonuna kimi nəzərdə tutulub. Yay tətili ilin ən uzun tətilidir. 24 dekabrdan 7 yanvara qədər ənənəvi qış tətilidir.
 
* Kanadada yay tətili iyul və avqust aylarını  əhatə edir. Qış tətili isə cəmi 2 həftə olur. "Marta Break” adını daşıyan yaz tətili isə martın üçüncü başlayaraq  bir həftə çəkir.
 
* Almaniyada yay tətili 6 həftədən çox olmur. Pasxa bayramında 2, payızda 1 həftəlik tətil, habelə dekabrın sonundan yanvarın ilk ongünlüyünə qədər davam edən qış tətilindən başqa tətil yoxdur.
 
* Norveçdə dərs ili avqustun son həftəsindən başlayır və iyunun ortasına kimi davam edir. Qış tətili və Pasxa bayramı da 1 həftəlik tətillərlə müşayiət olunur.
 
* İngiltərədə tədris ili 38 həftə davam edir. Yəni yayda 6, Milad və Pasxa bayramlarında isə 2-3 həftə tətil olur. Bu ölkədə  tətillərin müddəti keçilən dərslərin saatları ilə də mütənasibdir. İngiltərədə saat 9:00-da başlayan dərs 15:30-da başa çatır.
 
Son olaraq qeyd edək ki, orta təhsil ABŞ, Kanada, Fransa, İspaniya, Yaponiya, Polşa, Moldova, Özbəkistan, Ukrayna, Belarus və Gürcüstanda 12, Almaniya, İsveçrə, İtaliya və Çexiyada 13, Hollandiyada 14 ildir.
 
Azərbaycanda məktəblər üçün ayrılan tətil müddəti çoxdur
 
Təhsil eksperti Elmin Nuri “Azərbaycan müəllimi”nə açıqlamasında bildirib ki, Azərbaycan ümumtəhsil seqmentində məktəblər üçün ayrılan tətil müddəti digər ölkələrə nisbətdə çoxdur: “Biz iyunun 14-də şagirdləri yay tətilinə buraxırıq və sentyabrın 15-i onlar yenidən məktəbə qədəm qoymuş olurlar. Bu isə 12 həftə deməkdir. Dünyanın yalnız nadir ölkələrində 12 həftəyə yaxın olan tətil müddəti var. Əksər ölkələrdə isə bu qədər tətilə ehtiyac görülmür. Bizdə həftənin beş günü işləyən məktəblərdə 164 gün, altı gün işləyən məktəblərdə isə 197 gün dərs olur. Yay tətilinin 12 həftə olması dərs vaxtına təsir edən bir mexanizmdir. Düşünürəm ki, bu müddət azaldılmalıdır. Biz tətil məsələsində müəyyən qədər humanist davranmışıq. Dünyanın bir çox ölkələrində dərs ilinin müddəti Azərbaycandakından çoxdur. Bizdə məktəblilər dörd ay tətil yaşayırlar. Onun üç ayı elə yay tətilidir. Novruz tətili, qış tətili, habelə Ramazan və Qurban bayramı münasibətilə dövlət tərəfindən elan edilən qeyri-iş günləri də bura əlavə edilir. Yeni İl və Novruz bayramlarında da şagirdlərə minimal olaraq bir həftə istirahət verilir”. 
 
Yay məktəblərinin mexanizmi yenilənməlidir
 
E.Nuri tətil müddətinin çox olmasını arzuolunan hal hesab etmir: “Bu, tədris müddətinin qısalması ilə bərabər şagirdlərin yüklənməsinə səbəb olur. Çünki vahid tədris proqramı mütləq göstərilən zaman kəsimində tədris olunmalıdır. Məktəblərimizin əksəriyyəti beş günlük dərs sistemində olduğundan tədris proqramında həddən artıq sıx qrafikin şahidi oluruq. Buna görə də, dərslərin 1, yaxud 15 sentyabrda başlamasının o qədər də ciddi bir fərqi yoxdur. Məsələ odur ki, əsasən yay tətili nəzərə alınmaqla, tətil proqramımız xeyli tənzimlənməlidir. Azaltmağımız praktiki olaraq mümkün deyilsə, üç aylıq yay tətilini doqquz aylıq tədrisin davamı halına gətirməliyik. Bunun üçün də yay məktəblərinin özünün proqramı olmalıdır. Onlar adi məktəb dönəmindən xeyli fərqlənməlidirlər.
 
Bu, müəyyən qədər təbiətlə təmasa, sonra əyləncə mexanizmlərinə söykənən tədris proqramı üzərində qurulmalıdır. Çünki üç ay böyük dövrdür. Bir sinifi 14 iyunda bitirən uşaq növbəti sinifə 15 sentyabra gələndə adaptasiyada çətinlik yaşayır. Çünki praktik oxu vərdişlərindən, yaddaş məşqlərindən, öyrənmə bacarıqlarından xeyli müddət uzaq dayanır. Bundan əlavə, doqquzuncu sinifə qədər hər sinif rəhbərinin şagirdlər üçün hazırladığı yay tapşırıqları proqramı olmalıdır. Yəni bu pərakəndə şəkildə yox, hər bir fənn üzərində qurulmalıdır. Bu proses qiymətləndirmə meyarlarına da daxil olunmalıdır”. 
 
Yay tətilindən sonra adaptasiya necə formalaşdırılmalıdır?
 
Mütəxəssis qeyd edib ki, yay tətilinin uzun olması şagirdlərin təhsil göstəricisinə təsir  edən səbəblərdən biridir: “Bu barədə peşəkarlar, pedaqoqlar, psixoloqlar, həkimlər və praktikada olan müəllimlərin ortaq bir araşdırması, komissiya şəklində işi lazımdır. Bu, tibbi də cəhətdən araşdırılmalıdır. Məsələn, üç ay bol günəş işığında, D vitamini əhatəsində olan, informasiyadan özünü tamamilə məhrum edən, günə əsasən əyləncə ilə başlayıb, bitirən uşaq sonradan tədris prosesinə necə adaptasiya oluna bilir? Bunun həm tibbi, həm də psixoloji əsasları araşdırılmalıdır. Öyrənmək lazımdır ki, adaptasiya oluna bilməmənin təsirləri nədir? Adaptasiya, yəni uyğunlaşma prosesinin minimum və maksimal müddəti nədir və bu müddəti qısaltmaq üçün müəllim valideynlə birlikdə nə etməlidir? Bunlar hamısı geniş mövzulardır. Biz tətil məsələsinə çox aludə olmuşuq. İnanıram ki, bizim şagirdlərimiz, valideynlərimiz və müəllimlərimiz bu təklif və fikirlərimə xoş yanaşacaqlar. Çünki biz məktəb məsələsində tətilə və istirahətə nədənsə, çox meyilliyik. Bu da özünün mənfi tərəfini bir çox hallarda göstərməkdədir”.
 
Günel ABBAS